Birinci sinfə qəbulla bağlı təlim keçirilib

20 Fevral 2018 10:43 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair təlim keçirilib. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə,təlimdə Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi və Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşları və həmin regionlarda fəaliyyət göstərəcək Alternativ Qeydiyyat Mərkəzlərinə təhkim olunmuş məsul şəxslər iştirak ediblər.

Təlim zamanı BŞTİ-nin İnformasiya təminatı sektorunun nümayəndələri tərəfindən I sinfə şagird qəbulunun mektebeqebul.edu.azelektron sistem vasitəsilə həyata keçirilməsi qaydaları ətraflı şəkildə izah edilib. Eyni zamanda, qeydiyyatdan keçə bilməyən valideynlərin müraciətlərinin cavablandırılması və uşaqların yaş kateqoriyası nəzərə alınmaqla, vətəndaşların yönləndirilməsi məsələləri barədə geniş məlumatlar verilib.

Həmçinin, təlim iştirakçılarına onlayn qeydiyyatdan keçirilə bilməyən sənədlər vasitəsilə elektron qeydiyyatın aparılması prosesi də aydın şəkildə göstərilib.

Sonda təlim iştirakçılarını maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.