Atəş bayramları

19 Fevral 2018 17:34 (UTC+04:00)

Yalançı çərşənbə və gerçək çərşənbələr

Canı tərk etməkdə ağrı-acılar,
Çillələr ömrünü vurmaqda başa.
Üzlərə dörd ünsür xeyri açılar,
Bu Novruz, Əhrimən dirənər daşa.

İzəd çöhrələrə yayar təbəssüm,
Oddan qaçaq düşər dərdlər, mərəzlər.
Ulular ocağa andında məsum,
Dörd bayram keçirib atəşpərəstlər.

Uğuru alovdan-atəşdən gəlir,
Sınaqlı ocağın özüdü, Novruz.
Onun hənirtisi Günəşdən gəlir,
Bütün bayramların gözüdü, Novruz.

Novruzu bəyənib sevir hər insan,
Coşqulu eşq ilə, özü də necə!..
Məhsul bayramının adı Mehregan,
Yay-payız keçidi - ən uzun gecə.

Qışın oğlan çağı - 10 Bəhmən günü,
Məbəddə keçərdi Sede bayramı.
Şər-çovğun ortaya atıb özünü,
Məbədə dartardı hər bir adamı.

Həmin gün məbəddə od yandıraraq,
Lənət deyərdilər soyuq ruzgara.
Şaxta Əhriməndən verərdi soraq,
Hörmüz dəhmərlərdi onu bahara.

Mərəkə qopardı uzun gecələr,
Davası başlardı Xeyirlə Şərin.
Hörmüzə axırda diz çökərdi Şər,
Sede günlərinin mənası dərin.

İzəd nəzərində ilk, əzəl bayram,
Dilək bayramıdı, söz bayramıdı.
Dörd bayram içində ən gözəl bayram,
Zərdüşt Peyğəmbərin öz bayramıdı.

Bayram havasına köklənər əhval,
Çərx dönər, tərsinə fırlanar təkər.
Bütün bayramlarda çatılar tonqal,
Alov çatıltısı zəbanə çəkər.

Xeyir-Şər qovğası xeyrə çalandı,
Biz də bu günlərdə etdik təvəllüd.
Alov dillərində ürək odlandı,
Könül, gözü tox ol, ax xeyrini güd.

Sona çatmaqdadı mənhus çillələr,
Geri çəkilməkdə dabanbasaraq.
Şərin çöhrəsini basmaqda qəhər,
Qara-bəd günləri əvəzləyir ağ.

Su, Od, Torpaq, həm də Yel timsalında,
Yalançı Çərşənbə səyirdir atı.
Daim coşub-daşan sel timsalında,
Al-əlvan etməkdə məhzun həyatı.

Günlər sudan duru, həm aydan arı,
Xoş anlar keçirər hər duyan ürək.
Basıb ayaqlayar yalançıları,
Gələr çərşənbələr cərgələnərək.

16.02.2018
Valeh Məhərrəmli