Formula-1 Qran-Prisi günlərində pilotlar azarkeşləri gəzdirəcəklər

17 Fevral 2018 01:03 (UTC+04:00)

Formula-1-in “Liberty Media”dan olan sahibləri çempionatı azarkeşlərə daha yaxın etmək arzusundan dəfələrlə söz açıblar. Onlar tədricən sözdən işə keçirlər. Bu gün “Pirelli Hot Laps” proqramı elan olunub. Bu proqram çərçivəsində tamaşaçılar və dəvət olunmuş “ulduzlar” yarışlarda istirahət günləri zamanı trasda sürücülərdən biri ilə sərnişin kimi gəzə bilərlər.

AZƏRTAC “F1News.ru” saytına istinadla xəbər verir ki, Qran-Pri çərçivəsində nümunəvi çıxışlar on trasda təşkil olunacaq. Onlardan birincisi Bəhreyndə olacaq, digərləri isə sonra elan ediləcək. Artıq azarkeşləri gəzdirəcək avtomobillər - “McLaren 720S” və “Aston Martin Vantage” də məlumdur. Sürücülərə gəlincə, onlar Fernando Alonso, Stoffel Vandorn, Mika Hakkinen, Lando Norris, Daniel Rikkardo və Maks Ferstappen kimi məşhur pilotlardır. Təşkilatçılar gələcəkdə digər avtomobil istehsalçılarının və sürücülərin də bu proqrama qoşulacaqlarını vəd edirlər.

Formula-1-in kommersiya direktoru Şon Bratçes deyib: “Pirelli Hot Laps” proqramı azarkeşlərə yarış trasında avtomobil sürmək təcrübəsi əldə etməyə imkan verəcək. Yarış iştirakçısı ilə birlikdə əfsanəvi traslardan birində arzularının avtomobilində yüksək sürətlə getmək unikal bir şansdır.

Biz azarkeşlərin marağının hər şeydən öndə olmasına can atırıq və bu proqram həmin istiqamətdəki işimizin daha bir nümunəsidir. Bu, həmçinin bizim Pirelli və Formula-1 komandaları kimi tərəfdaşlarımıza kömək göstərmək imkanlarımızı nümayiş etdirir”.