AXCP-REAL qarşıdurmasında son hədd

16 Fevral 2018 15:30 (UTC+04:00)

İlqar Məmmədovun təşkilatı Əli Kərimlini siyasi səhnədən siləcək?

Son günlər "Respublikaçı Alternativ Hərəkatı" və AXCP arasında sosial şəbəkə daxilində kəskin qarşıdurmalar müşahidə olunmaqdadır. Belə ki, REAL-ın icraçı katibi Natiq Cəfərli növbəti dəfə müxalifəti ötən əsrin 80-90-cı illərində ilişib qalmaqda, "azadlıq" və digər ənənəvi şüarlarını "devalvasiyaya uğratmaqda" ittiham edib. O, ənənəvi düşərgə təmsilçilərini köhnəçilikdə, düzgün siyasət aparmaqda və xarici qüvvələrdən sifariş almaqda ittiham edib. Xüsusilə, sosial şəbəkələrdə cəbhəçi trolların qeyri-sivil və mədəniyyətdən uzaq “siyasi mübarizələrini” qabardan realçı bildirib ki, AXCP sədri Əli Kərimlinin söyüş qrupu və "like" (bəyənmə) edənlər qismində fəaliyyət göstərən adamları heç bir ailə tərbiyəsi görməyən ünsürlərdirlər. Lakin bunun yerinə, Kərimlinin sosial şəbəkə nökərləri N.Cəfərliyə qarşı hücuma keçiblər.

Natiq Cəfərli və Azər Qasımlı ikilikdə Əli Kərimliyə qarşı...

Bu arada bəzi sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, guya Ə.Kərimli seçkilər ərəfəsində REAL-la birgə mitinqlər keçirmək təklifini irəli sürüb və qarşı tərəf bunun doğru çıxış yolu olmadığını billdirərək, həmin təklifi rədd edib. Əslində, təklif olmasa da, digər REAL rəsmisi Azər Qasımlı bu mövzu barədə müəyyən fikirlərini sərt formada qeyd edib. SİTAT: ““Milli Şura” tərəfindən REAL-la aksiyada birgə iştirakla bağlı hər hansı müraciət və ya təklif etməyib və edilə bilsəydi də, təşkilat olaraq o səviyyəsiz qurumun mitinqində iştirak etməyəcəkdik. Dünən qədər bizə qarşı təhqirli sözlər deyən xarici qüvvələrin nökəri olan Ə.Kərimli kimilər indi keçirmək istədikləri mitinqə dəvət edir. Bu da təəcübli deyil. Çünki Ə.Kərimli satqınçılq nümunəsi olduğu kimi, həm də həyasızlığın son həddidir".

A.Qasımlı onu da bildirib ki, Ə.Kərimlinin məqsədi REAL-ı parçalamaqdan ibarətdir. Beləliklə, görünən həm də budur ki, yalnız REAL-la deyil, habelə digər müxalifət təmsilçiləri ilə əsl düşmənçilik münasibəti yaradan Ə.Kərimlinin belə bir şəraitdə mitinqə getməyi rüsvaçılıqla sonunclanacaq.

Müsavatçı: “Şər-böhtan, təhqir maşınına çevrilən AXCP və "Milli Şura"nı kim dəstəkləyər ki!?”

Əbəs yerə deyil ki, bu barədə yalnız REAL-çılar deyil, eyni zamanda müsavatçılar da danışırlar. Məsələn, Eldar Osmanlı adlı müsavatçı öz sosial şəbəkəsində yazır ki, heç bir siyasi təşkilat bu adamı və təmsil etdiyi qurumu dəstəkləmir: "Şər-böhtan, təhqir maşınına çevrilən AXCP və "Milli Şura"nı kim dəstəkləyər ki!? Belə bir şəraitdə mitinqə gedən və ölkədə "ana müxalifət" olduğunu göstərmək üçün onun dediklərini yerinə yetirməyən, yersiz, məntiqsiz tələblərinə boyun əyməyən hər kəsə şər atan Ə.Kərimlinin rəhbəri olduğu partiya da, "Milli Şura" da iflasın astanasındadır".

AMİP funksioneri: “Müxalifətçilik bu cür olmur”

AMİP funksioneri Əli Orucov da bənzər fikirlə çıxış edərək deyir ki, bütün seçkilər dövründə xalqdan heç bir halda dəstək ala bilməyən Ə.Kərimlini qıcıqlandıran odur ki, heç kim onun yanında deyil və onun özü-özünü xalqdan təcrid edib: "Necə deyərlər, xalq şərin, böhtanın yanında deyil və olmayacaq. Müxalifətçilik bu cür olmur, xəyanətlə, tez-tez cinah dəyişməklə də olmur. Heç şübhəsiz ki, sosial şəbəkələrdə mənasız çağırışlar etməklə insanlarda dərin ikrah hissi yaradan Ə.Kərimlinin yanında partiyanın barmaqla sayılacaq qədər üzvlərindən başqa kimsə qalmayacaq".

Bütün bunlar bir daha sübut edir ki, AXCP sədrinin “son mənzili”, yəni siyasi ölümü məhz keçiriləcək prezident seçkiləridir. Hətta seçkilərdən kənar qalsa belə, onun tutduğu yanlış yol artıq indidən aqibətini müəyyənləşdirmiş olub.

R.RƏSULOV