"Azərbaycanı regionun digər ölkələrinə nümunə gətirmək olar"

14 Fevral 2018 21:22 (UTC+04:00)

Azərbaycanda prezident seçkiləri sözsüz ki, vacib hadisədir və onun məqsədi sabitliyin və irəliləyişin təmin olunması, eləcə də ölkə vətəndaşlarının rifahının qorunmasıdır. Bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti, politoloq Piter Teys deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan demokratik standartlara malikdir və ölkədə stabil iqtisadi artım müşahidə olunur: “Əminəm ki, bu il Azərbaycan demokratiyasının möhkəmlənməsində, işsizlik və yoxsulluqla mübarizədə əhəmiyyətli nailiyyətlər əldə olunacaq. Azərbaycan şəffaf institutların və möhkəm demokratik standartların təşkili sahəsində regionun digər dövlətlərinə nümunə göstərilə biləcək bir ölkədir”.

Ekspert vurğulayıb ki, Azərbaycanın infrastruktur, təhsil siyasəti, turizm və ictimai diplomatiya sahələrindəki nailiyyətləri hazırkı Prezident İlham Əliyevi 2018-ci ildə ən çox səs toplamağa iddialı namizədə çevirir: “İlham Əliyevin prezident seçiləcəyi təqdirdə Azərbaycan daha yüksək nailiyyətlər yolunda irəliləyəcək”.

P.Teys onu da qeyd edib ki, Prezident İlham Əliyev seçkilərdə sözsüz favoritidir. Politoloq əlavə edib ki, seçkilərdən sonra Azərbaycan ərazi bütövlüyünün bərpa olunması və Ermənistan qoşunlarının işğalı altında olan Dağlıq Qarabağın, eləcə də yeddi ətraf rayonun qaytarılması üçün qətiyyətli mübarizəsini davam etdirəcək: “Biz yaddan çıxarmamalıyıq ki, Azərbaycanın suveren ərazilərinə erməni təcavüzü regionun təhlükəsizliyinə və iqtisadi artımına açıq təhdiddir”.