Milan Məhkəməsi sübut etdi: iddialar əsassızdır! ANALİTİK

14 Fevral 2018 18:00 (UTC+04:00)

Əli Həsənov: “Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik”

Sirr deyil ki, zaman-zaman bir sıra Qərb ölkələrinin bir sıra müxtəlif qurumları Azərbaycana qarşı qərəz və şantaj xarakterli əsassız iddialarla çıxışlar edərək, ölkəmizin dünyaya sürətli inteqrasiyasının qarşısını almağa cəhdlər göstəriblər. Hətta bir çox hallarda siyasi korrupsiyaya bulaşmış anti-Azərbaycan dairələri bu istiqamətdə çoxşaxəli işlər aparmağa səy göstərərək, eləcə də müəyyən xarici media qurumlarını satın almaqla çirkin niyyətlərini reallaşdırmağa çalışıblar. Söz və ifadə azadlığı, media azadlığı və s. istiqamətdə həqiqəti əks etdirməyən fikirlər irəli sürüblər. Əbəs deyil ki, ölkəmizin demokratik və müstəqil quruluşuna qarayaxma kampaniyaları düzənləyən bəlli qurumlar eyni zamanda ölkəmizin dostları hesab edilən nüfuzlu diplomatları, siyasət adamlarını da hədəfə alırlar. Ümumiyyətlə, bu kimi əsassız iddialar son anda öz təsdiqini tapmır, habelə qərəzli qurumların qeyri-ciddilikləri növbəti dəfə ortaya çıxmış olur. Misal üçün, elə də uzağa getməyərək, biz, özünü Avropa Şurasının anti-korrupsiya qurumu kimi təqdim edən GRECO (Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu-red.) təşkilatını, eləcə də digər bir sıra qərəzli Qərb beynəlxalq qurumlarını eyni kontekstdən çıxış etdiklərini xatırlada bilərik.

Prezident İlham Əliyev öz çıxışlarında korrupsiyaya qarşı mübarizədə daim yeni təşəbbüslərin irəli sürülməsi zərurətini vurğulayıb

Yeri gəlmişkən, daha bir məqam isə bu gün Azərbaycana və ölkəmizin sadiq və dəyərli dostlarına qarşı korrupsiya ittihamı ilə çıxış edən Qərb siyasi və məhkəmə dairələrini təmsil edənlərin ölkələrinin həmin burulğanda batması faktlarıdır. Məsələn, hələ 2014-cü ildə "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində Prezident İlham Əliyev vurğulamışdı ki, korrupsiya amili Avropa ölkələrində də ciddi problemlər yaşadır: "Təəssüflər olsun ki, korrupsiya bütün dünyada, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır. Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir".

Bütün bunlar isə bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycana qarşı əsassız, böhtan xarakterli iddialarla çıxış edən və əslində i korrupsiya burulğanında batan dairələr son anda öz yalanlarını etiraf etməyə məcbur olurlar. Çünki əllərində heç bir doğru-dürüst sübutlar olmayıb və yoxdur.

Prezidentin köməkçisi: “Anti-Azərbaycan mərkəzlər və şəbəkələr bu kimi çoxsaylı feyk-məlumatlarla həm Azərbaycan dövlətini, həm də ölkəmizə dost münasibəti bəsləyən, onunla bağlı müsbət fikirlər bildirən tanınmış şəxsləri – ictimai-siyasi xadimləri, ekspertləri, jurnalistləri və s. hədəfə götürmək və qınaq obyektinə çevirmək istəyirdilər”

Beləliklə, bugünlərdə İtaliyanın Milan şəhər məhkəməsinin Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Lika Volonte barədə bəraət hökmü verməsi həqiqətin hər zaman qələbə qazanmasının bariz göstəricisidir. Söz yox ki, indi ölkəmizə qarşı iddialarla çıxış edən tərəflər çox çətin və çıxılmaz durumda qalaraq, yalan, böhtan danışdıqlarını etiraf etməli olacaqlar.

Bu arada, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarını şərh edərkən vurğulayıb ki, ki, Milan məhkəməsinin 2018-ci il 13 fevral tarixli qərarı Azərbaycan əleyhinə fəaliyyət göstərən Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf qurumun ifşasına səbəb olub.

"Qeyd edim ki, anti-Azərbaycan mərkəzlər və şəbəkələr bu kimi çoxsaylı feyk-məlumatlarla həm Azərbaycan dövlətini, həm də ölkəmizə dost münasibəti bəsləyən, onunla bağlı müsbət fikirlər bildirən tanınmış şəxsləri – ictimai-siyasi xadimləri, ekspertləri, jurnalistləri və s. hədəfə götürmək və qınaq obyektinə çevirmək istəyirdilər”-deyə qeyd edən Əli Həsənov həmçinin xatırladıb ki, həmin vaxt OCCRP-nin “Azərbaycanın pulyuyan maşını” adlı qondarma materialı dünya mediasında sürətlə tirajlandı, məsələ ilə ayrı-ayrı ölkələrin rəsmi instansiyaları maraqlandı: “Və orada adları keçən şəxslər, o cümlədən də guya Azərbaycandan 2 milyon 640 min dollar almış AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə xüsusi araşdırma başladıldı”.

Prezidentin köməkçisi onu da xatırladıb ki, Azərbaycan dövləti həmin vaxtlar OCCRP -nin imzası ilə dövriyyəyə buraxılmış bu iddiaların qərəzli, əsassız, təxribat xarakteri daşıdığını və ölkəmizə qarşı bəlli dairələr tərəfindən təşkil edilmiş çirkin qarayaxma kampaniyasının tərkib hissəsi olduğunu bildirmişdi. “Göründüyü kimi, Milan məhkəməsinin obyektiv araşdırması da bunu bilavasitə təsdiqlədi”, - deyə Əli Həsənov vurğulayıb.

“Demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar”

Onu da qeyd edək ki, ölkəmizin imicinə xələl vurmağa çalışan daxili və xarici “qüvvələr” hazırda da bənzər və heç bir məntiqə sığmayan hərəkətlərə rəvac verərək, bu vasitəylə düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Azərbaycanda mövcud olan sabitlik və demokratik mühitə qarşı çıxış edən istənilən tərəflər son anda hüquqi qiymətlərini alaraq, nə qədər yanlış yolda olduqlarını anlamağa məhkum olacaqlar. Təbii ki, bütün bu kimi kirli oyunlar cavabsız qalmayacaq. Əbəs deyil ki, cənab Əli Həsənov bununla bağlı verdiyi açıqlamasında deyib: “Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil. Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik. Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib. Hesab edirik ki, demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar”.

Nəticə olaraq, daha bir nüansı qeyd etmək yerinə düşərdi ki, ölkəmiz növbəti seçki ərəfəsindədir və bu prosesi pozmağa, qəsdən qaralamağa cəhd edənlər necə deyərlər, iş başındadırlar. Ancaq Azərbaycan dövlətinin əsasının möhkəm təməllərə söykənməsi, o cümlədən, xalqın daim öz dövlətinin siyasətinə nəhəng dəstəyi qərəzli qüvvələrin uduzaraq geri çəkilmələri və məğlubiyyətləri ilə sonunu tapacaq. Necə ki, Milan məhkəməsinin bəraət qərarı da bu faktoru özündə kifayət qədər ehtiva edir.

Rövşən NURƏDDİNOĞLU