Nazir müavini Xorvatiyanın nümayəndə heyəti ilə görüşüb

14 Fevral 2018 18:08 (UTC+04:00)

Bu gün Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Xorvatiya Respublikası Ətraf Mühit və Energetika Nazirinin Müavini İvo Milatiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşün məqsədi Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında kənd təsərrüfatı, xüsusilə şəkər çuğunduru sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq Kənd Təsərrüfatı Nazirliyi ilə görüşə təşəbbüs göstərdikləri üçün qonaqlara təşəkkürünü bildirib və Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, fermer və sahibkarlara kənd təsərrüfatı texnikalarının 40 faiz, mineral gübrələrin 70 faiz, damazlıq heyvanların 50 faiz güzəştlə verildiyi, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib.

Nazir müavini bildirib ki, Azərbaycan neft ölkəsi olsada, hazırda ölkə başçısı tərəfindən qeyri neft sektorunun inkişafına böyük diqqət yetirir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda sərmayə qoyuluşunu genişləndirmək üçün infrastruktur layihələr həyata keçirilir.

İlham Quliyev iki ölkə arasında kənd təsərrüfatı sahəsində müqavilə-hüquq bazasının yaradılması məqsədilə nazirlik tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında” Anlaşma Memorandumu layihəsinin aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınaraq qarşı tərəfə təqdim olunması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərildiyini diqqətə çatdırıb.

Nazir müavini hazırda ölkəmizdə 14 min hektar sahədə şəkər çuğunduru əkildiyini, 2017-ci ildə 422 min ton məhsul istehsal edildiyini bildirərək əkin sahəsinin 40 min hektara çatdırılması, həmçinin şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə 4 manat məbləğində subsidiya verildiyi barədə məlumat verib.

İlham Quliyev Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu bildirərək, Xorvatiya iş adamlarıni 2018-ci ilin may ayında keçiriləcək Kənd Təsərrüfatı Sərgisinə dəvət edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən İvo Milatiç Azərbaycanda dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıya heyran olduğunu və Azərbaycan və Xorvatiyanın arasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətləri arasında əlaqələrin daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.