"Bu il beş könüllü Formula-1 Monako Qran-Prisində ştirak şansı əldə edəcək" - MÜSAHİBƏ

14 Fevral 2018 16:12 (UTC+04:00)

Formula-1 yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən “Bakı Şəhər Halqası” Akademiyasının yaradılmasından bir il ötür. SİA-nın məlumatına görə, bu münasibətlə BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova Akademiyanın ötən bir ildəki fəaliyyəti ilə bağlı sualları cavablandırıb.

- İranə xanım, ötən bir il ərzində BŞH Akademiyasının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Ötən bir il ərzində BŞH Akademiyasında könüllülərin sadəcə yarışlara hazırlığı deyil, həm də fərdi və peşəkar inkişafı istiqamətində müxtəlif təlim və seminarlar keçirilib. Könüllülər üçün “Konfliktlərin idarə olunması”, “Rəqəmsal marketinq”, “Emosional zəka”, digər fərdi və peşəkar inkişafyönümlü seminarlar təşkil edilib.

Bundan başqa, könüllülərin dil biliklərini daha da inkişaf etdirmək üçün rus və ingilis dillərində danışıq klubları təşkil olunub. Könüllülər bu danışıq klubları vasitəsilə dil biliklərini daha da gücləndirmək şansı əldə edirlər. Həmçinin Akademiyada könüllülərin və işçilərin fərdi inkişafını təmin etmək üçün kitabxana da fəaliyyət göstərir. Kitabxanada bədii ədəbiyyatla yanaşı, peşəkar inkişaf istiqamətində olan müxtəlif kitablardan da faydalanmaq mümkündür.

Ümumilikdə Akademiya könüllülərin gələcək inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirərək onların uğurlu karyera qurmasında başlıca rol oynayır. Akademiyanın fəaliyyəti müxtəlif istiqamətlərdə aparılır. Akademiyada təlim, seminar və danışıq klubların təşkilindən başqa könüllülər üçün cəmiyyətdə öz nüfuzu ilə seçilən insanlarla görüşlər də keçirilir.

- Akademiya ölkəmizdə könüllülər hərəkatının inkişafına hansı töhfələr verib?

- Akademiya fəaliyyətini müxtəlif istiqamətlərdə həyata keçirməklə ölkədə könüllülər hərəkatının inkişafına böyük töhfə verir. BŞH Akademiyası müxtəlif motivasiya tədbirlərinə, həmçinin yarışlara qədər olan müddətdə təşkil edilən digər görüşlərə könüllülərin cəlb olunmasında mühüm rol oynayır. Könüllülərin yarışa tam hazırlığının təmin edilməsi, onların müxtəlif sahələrdə təlimləndirilməsi və yaradılan əlverişli şərait gənclərin bu sahəyə marağının daha da artmasına təkan verib.

Qeyd etmək istərdim ki, daha əvvəl Akademiyanın yaratdığı şəraitdən faydalanan çoxlu sayda könüllü ötən il Formula-1 Azərbaycan Qran-Prisində işçi olaraq fəaliyyət göstərmək şansı əldə edib. Bu da öz növbəsində Akademiyanın könüllülərlə bağlı və könüllülər hərəkatında icra etdiyi vacib roldan xəbər verir. Akademiya yalnız könüllülərin fərdi inkişafına deyil, eyni zamanda, Azərbaycanda keçirilən Formula-1 yarışları üçün gənc və peşəkar kadrlar yetişdirməklə ölkədə aparılan gənclər siyasətinə böyük dəstək verməkdədir.

- BŞH Akademiyasının yeni layihələri və perspektivləri barədə nə deyə bilərsiniz?

- Akademiya hər zaman könüllülər üçün müxtəlif maraqlı tədbirlər keçirməklə onlar arasında komanda quruculuğunu daha da gücləndirməyə çalışır. Ötən il yarış ərəfəsində fəallığı ilə seçilən beş könüllümüz İtaliya Qran-Prisini canlı izləmək şansı əldə etdi. Bu il də könüllülərimizi gözəl hədiyyə gözləyir. Ən yüksək səviyyədə peşəkarlıq göstərəcək beş könüllü Formula-1 Monako Qran-Prisində tamaşaçı kimi iştirak şansı əldə edəcək.

Bundan başqa, Akademiyada könüllülərin müxtəlif sahələrdə uğur qazanmış şəxslərlə görüşləri də davam edəcək. Akademiya Formula-1 Azərbaycan Qran-Prisinə qədər olan müddətdə könüllülərin yarışa tam hazırlığını təmin etmək məqsədilə rol və məkan üzrə təlimlər keçirəcək. //AZƏRTAC