Jurnalistlərin VII qurultayının keçiriləcəyi vaxt və məkan bəlli oldu ELAN

14 Fevral 2018 15:04 (UTC+04:00)

Azərbaycan jurnalistlərinin VII qurultayına hazırlıq işləri davam edir. SİA-ya qurumdan verilən məlumata görə, Mətbuat Şurasına üzv bəzi təşkilatlar Şuranın İdarə Heyətinin tərkibini müəyyənləşdirmək məqsədilə irəli sürdükləri namizədlərin və qurultayda iştirak edəcək nümayəndələrinin adlarını təqdim edirlər.

Qurultaya hazırlıq işlərini intensivləşdirmək üçün namizədlərin və nümayəndələrin adlarının təqdim edilməsinin 25 fevral 2018-ci il tarixinədək yekunlaşdırılması qərara alınıb. Buna görə də bütün üzv təşkilatlardan həmin tarixədək üzərinə düşən öhdəliyi yerinə yetirmələri xahiş olunur.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VII qurultayı mart ayının 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.