BŞH rəsmisi: “Könüllüləri sürpriz gözləyir” - AÇIQLAMA

14 Fevral 2018 14:07 (UTC+04:00)

“Oktyabrın 31-dən 2018 Formula 1 Azərbaycan Qran Prisinin könüllülərinin qeydiyyatına başladıq və ilk 13 gün ərzində 12 mindən çox gənc qeydiyyatdan keçdi. Buna görə qeydiyyatı tez bağlamalı olduq və dekabr ayından müsahibələrə başladıq”. Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) könüllülər üzrə koordinatoru Tural Hümbətov deyib.

O vurğulayıb ki, könüllülərlə müsahibələrdə qeydiyyatdan keçən hər kəsə iştirak şansı yaradılıb: “Müsahibələrdən keçənlər yanvar ayı və fevral ayının 13-dək olan ümumi təlimlərdə iştirak ediblər. Burada iştirak edən bütün gənclər isə növbəti həftədən başlaycaq rol təliminə dəvət alacaqlar. Ümumilikdə Azərbaycan Qran Qrisində 3 min könüllü iştirak şansı qazanacaq. 12 min könüllünün arasından seçim prosesi gedir. Yarışda iştirak üçün yaxşıların yaxşıları seçiləcək”.

T.Hümbətovun sözlərinə görə, ötən il olduğu kimi, bu il də könüllüləri sürpriz gözləyir: “Ötən il 5 könüllümüz İtaliyada keçirilən Qran Pridə iştirak etmişdi. Bu il isə 5 könüllümüz mayda keçiriləcək Monako Qran Prisində iştirak şansı qazanacaq. Sözügedən yarışa gedəcək könüllülərin seçim prosesi artıq başalayıb. Belə ki, könüllülər onlar üçün təşkil edilən seminarlarda, danışıq klublarında, təlimlərdə özlərini maksimal şəkildə aktiv göstərməli və Azərbaycan Qran Prisində iştirak edəcək 3 min könüllülnün arasında olmalıdırlar. Onlar yarış müddətində də fərqlənməyi bacarmalı və imtahana vəsiqə qazanmalıdırlar. İmtahanda isə ən yüksək bal toplamış 5 nəfər Monakoya səfərə vəsiqə qazanacaq”.

BŞH rəsmisi əlavə edib ki, könüllülərin təlimlər azərbaycanlı mütəxəssislər tərəfindən aparılır. O bildirib ki, təlimlilərin arasında ötən illərdə yarışlarda yüksək səviyyədə iştirak etmiş təcrübəli könüllər də var.