İslamın təbliğinə mühüm töhfə - "İslamı təbliğ metodları"

14 Fevral 2018 12:39 (UTC+04:00)

İslam dinin insanlara doğru-düzgün çatdırılması çox önəmli məsələlərdən biridir. Islamı insanlara sevdirmək üçün ona bu dinin gözəllikləri düzgün çatdırılmalıdır. Bu baxımdan Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, tanınmış ilahiyyatçı Abbas Qurbanovun “İslamı təbliğ metodları” adlı kitabı böyük marağ doğurur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə nəşr edilən kitab giriş və iki bölümdən ibarətdir. Giriş bölümündə təbliğin əhəmiyyəti, məqsədi, əhatə dairəsi və mərhələləri barədə ətraflı məlumat yer alıb. Birinci bölümdə təbliğ metodundan, istifadə edilən mərhələləri vasitələrdən, təbliğin psixoloji və ictimai xüsusiyyətlərindən , ikinci bölümdə isə peyğəmbərlərimizin təbliğ zamanı istifadə etdiyi metod və üslubdan geniş şəkildə bəhs olunub. Kitabın yazılmasında əsas məqsəd İslamı təbliğ edən mütəxəssilərin hansı metodla işləyəcəklərini onlara göstərməkdir.

Kitabın ön söz müəllifi A.Qurbanov bildirib ki, islamı tam, dolğun və doğru bir şəkildə izah edən kitablar nəşr etmək lazımdır: “Qurandan, Həzrət Rəsulullahın müqəddəs kəlamlarından və həyatından yola çıxaraq, İslam mədəniyyətinin on dörd əsrlik zəngin mirasına müraciət edərək müsəlmanların maariflənmə ehtiyacını, axtarış içində olan insanların suallarını və onları maraqlandıran məsələlərdə qaneediici cavab verə bilməyi və islam müxaliflərinin yanlış məlumatlandırma ilə insanları qəflətə salmalarının qarşısını alaraq qəlbləri və zehnləri aydınlatmağı qarşısına məqsəd qoyan yeni nəşrlər edilməlidir.

Heç şübhəsiz, insan həm maddi, həm də mənəvi quruluşu etibarilə mükəmməl, şəkildə yaradılmış, ona haqqa dost ola bilməsini təmin edəcək bir çox üstün vəsflər verilmişdir. Könül gözü ilə baxdığımızda digər məxluqatdan fərqli olaraq yalnız insana lütf edilən nemət və qabiliyyətlərin möhtəşəmliyinə heyran olmamaq mümkün deyil.

Allah-Təala insanı öz qüdrət və əzəmətinə dəlil olaraq ən gözəl şəkildə xəlq etmişdir. Ona ağıl, qəlb, idrak və vicdan lütf etməklə yanaşı, əbədi səadətə necə istiqamətlənəcəyi xüsusunda bir də peyğəmbərlər və kitablarla yardım etmişdir. Bununla yanaşı dünyaya gəliş və oradan qəbir aləminə gedişin səbəbini, kimin mülkündə yaşadığını, bu dünyanın-kimin daha gözəl davranacağını sınamaq üçün – ilahi imtahanlarla dolu bir məktəb olduğunu və son nəfəslə başlayan ya səadət, ya da peşmanlıqla davam edən sonsuzluq yolçuluğunu bəyan etmişdir. Məhz bu şəkildə Allah-Təalanın bəndəsinin səadəti üçün bəyan etdiyi əmr və qadağaların məcmusuna “din” adı verilir.

Allah-Təala bəndələrinə qarşı sonsuz mərhəmət sahibidir. Bu səbəbdən onların bir an belə başıboş və nəfsani arzularının əsiri olaraq qalmasını istəməz. Bu səbəbdən də insan ruhunun ən təbii və fitri səadət mənbəyi olan din ilk insan Həzrət Adəm ilə başlamışdır. O, ilk insan və ilk peyğəmbərdir. Beləliklə bəşəriyyət yer üzündəki ilk günündən qiyamətə qədər dünya və axirət səadəti üçün zəruri olan məlumatları, Allahın elçiləri olan peyğəmbərlər vasitəsi ilə canlı nümunələrdən birbaşa tətbiq ediləni görüb öyrənməklə ən gözəl formada əldə etmişdilər”.

A.Qurbanov qeyd edib ki, keçib gedən əsrlər ərzində bu məlumatlar unudulduğu, zay edildiyi, və ya təhrifə uğradığı vaxtlarda Allah-Təala yeni bir peyğəmbər göndərib dinin əsas mahiyətini təkrar bəyan etmiş, bəndələrinə ən doğru saədət yollarını lütf etmişdir.Bəşəriyyət fitrətindən gələn inanmaq meylinə görə tarix boyunca heç vaxt dinsiz olmamışdır. Vəhydən və peyğəmbərlərin irşadından uzaqlaşdıqca həqiqəti itirmiş və bu dəfə də batil inanclara meyl etmişdir. Belə ki, elmi araşdırmalar, hər qəbilə və cəmiyyətdə doğru və ya yanlış bir Allah inancının və haqq din izlərinin olduğunu isbat etmişdir: “Tarix şahiddir ki, insana yalnız bu dünya həyatında xoşbəxtlik vəd edən bəşəri sistemlər həmişə gəlib-keçmiş, peyğəmbərlərdən isə bəşəriyyətə hər iki dünyada səadət əlacı təqdim edərək fani həyatlardan sonra da qəlblərdə yaşamağa davam etmişdir”.

A.Qurbanovun sözlərinə görə, Azərbaycanın müstəqil olmasından sonra həyatın bütün sahələrində olduğu kimi dini sahədə də yenilik və inkişafın varlığı ölkə dindarlarını çox sevindirir. Dini abidələrimizin təmiri, dini irsimizin bərpası və ilahiyyatçı mütəxəssislərimizin yetişməsi bunun bir təzahürüdür: “Son illərdə dünyada İslam dini və müsəlmanlar üzərində oynanan planlı oyunlar hər kəsə məlumdur. Bu mənada islamofobiya, terror və radikal düşüncələr müəyyən qüvvələr tərəfindən İslamı zədələmək üçün məharətlə istifadə olunur. Bütün bunlara qarşı Azərbaycan dövlətinin atdığı addımlar təqdirəlayiqdir. Düşünürəm ki, hər bir vətəndaş bu işlərdə fəal olmalı, dövlətçilik ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması üçün çalışmalıdır”.