Aydın Mirzəzadə: “Ermənistanı yox edən özünün apardığı siyasətdir” ŞƏRH

14 Fevral 2018 11:25 (UTC+04:00)

“Ermənistanda əhalinin günü-gündən ağır vəziyyətə düçar olması işğalçı ölkə rəhbərliyinin 1991-ci ildən bu yana apardığı səhv dövlətçilik siyasətinin nəticəsidir. Hər üç prezidentin dövründə Ermənistan Azərbaycan torpaqlarının işğalı qonşu dövlətlərlə düşmənçilik mövqeyini özünün xarici siyasətinin əsas motivi görüb. Bu isə istər-istəməz ölkənin inkişafını dayandırır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, əgər bir neçə il bundan əvvəl Ermənistana 1,2 milyard dollar investisiya qoyulmuşdusa ötən il cəmi 120 milyon dollar investisiya qoyulub: “Ölkənin büdcəsinin böyük bir hissəsi hərbiyə işləyir. Ölkə Azərbaycan və Türkiyə kimi nəhəng iqtisadi güclərlə əməkdaşlıqdan məhrum olub və sosial vəziyyətin ağırlığı əhalinin durmadan köçməsinə gətirib çıxarıb. Ümumiyyətlə köçənlər gənclərdir. Nə qədərki Ermənistan işğalçılıq siyasətini davam etdirir əhalinin durmadan köçməsi dayanmayacaq. Təkcə bu gün Rusiyada Ermənistan vətəndaşı olan 500 min nəfər müvəqqəti işlərdə çalışır. Onlar arasında aparılan rəy sorğusunda da məlum olur ki, onların heç biri geri qayıtmaq istəmirlər. Bu gün potensial olaraq Ermənistan əhalisinin 30 faizinin də ölkəsindən imtina etdiyini söyləmək olar. Ondan fərqli olaraq bu gün Azərbaycanın həm iqtisadiyyatı güclənir, həm də əhalisi müstəqillik illərində 3 milyona qədər artıb. Bu gün Azərbaycan regionun lider dövlətidir və iqtisadi layihələrin təşəbbüskarıdır. Ancaq Ermənistan isə apardığı düşünülməmiş və səhv siyasət nəticəsində özünü bütün məsələlərdən təcrid edib. Məhz bunun nəticəsidir ki, sanki Ermənistan bölgədə yoxdur. Onu yox edən elə ilk növbədə özünün apardığı siyasətdir”.

Qeyd edək ki, Emənistan əhalisinin sayı 2018-ci ilin 1 yanvarında 2 972,9 milyon nəfər olub. Statistika Xidməti bu göstəricinin keçən ilin analoji dövrü ilə müqayisədə 13,2 min nəfər az olduğunu bildirib. Buna səbəb mənfi miqrasiya saldosunun əhalinin artım tempini üstələməsidir. Ölkədə həmçinin artım 13,9 min nəfərdən 10,3 min nəfərə qədər aşağı düşüb. 2017-ci il ərzində Ermənistanda doğuşların sayı 7,1% azalıb, ölüm halları isə 3% artıb.