Nazir açıqladı: "Çin “SOCAR GPC” layihəsinə maraq göstərir"

13 Fevral 2018 21:20 (UTC+04:00)

"Çin “SOCAR GPC” layihəsinə maraq göstərir." Bu barədə fevralın 13-də iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əlaqələrinə və Azərbaycan nümayəndə heyətinin fevralın 5-7-də Çin Xalq Respublikasına səfərinə dair keçirilən mətbuat konfransında deyib.

Vurğulanıb ki, Azərbaycan-Çin iqtisadi əlaqələri inkişaf edir, ölkəmiz Çinlə əməkdaşlığın inkişafına xüsusi önəm verir. Azərbaycan Respublikasının Prezidenti Çinə 5 səfər edib, dövlət başçısının səfərləri zamanı mühüm razılaşmalar əldə olunub, 2015-ci ildə “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair sənəd imzalanıb.

Azərbaycanın nəqliyyat və tranzit potensialı, bu sahədə reallaşdırılan layihələr, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, Ələt Azad Ticarət Zonası, həmçinin Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyəti barədə məlumat verən Şahin Mustafayev “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi”nin Çinin “Kəmər və Yol” təşəbbüsü ilə üst-üstə düşdüyünü və Çinin bu dəhlizə böyük marağının olduğunu diqqətə çatdırıb. “Trans-Xəzər Nəqliyyat Dəhlizi”nin üstünlüklərini qeyd edən Şahin Mustafayev dəhlizin xüsusilə coğrafi-iqtisadi, məsafənin və müddətin qısa olması, müvafiq infrastrukturun mövcudluğu baxımından əlverişli olduğunu diqqətə çatdırıb.

Azərbaycan nümayəndə heyətinin fevralın 5-7-də Çinə səfəri çərçivəsində Pekində “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans, işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Çin biznes forumu, Sianda Azərbaycanın investisiya mühitinə və tranzit potensialına dair təqdimat keçirilib, Çin rəsmiləri, eləcə də konfransda iştirak etmiş Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətləri ilə görüşlər təşkil olunub, Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb, 2 sənəd imzalanıb.

Səfər çərçivəsində keçirilmiş görüşlərdə və tədbirlərdə Azərbaycanın biznes və investisiya imkanları, ölkəmizdə investorlar üçün yaradılmış əlverişli şərait və güzəştlər, Azərbaycanın tranzit potensialı, iqtisadi-ticarət sahəsində Çinlə əməkdaşlıq imkanları, o cümlədən sənaye zonalarına Çin şirkətlərinin investisiya qoyması, Ələt Azad Ticarət Zonasında çinli iş adamlarının iştirakı, investisiya qoyuluşu, sənaye, ticarət, turizm və s. sahələrdə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Görüşlərdə Çin tərəfi Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsinin əhəmiyyətini vurğulayıb, “SOCAR GPC” layihəsinə marağını ifadə edib.

Mətbuat konfransında qeyd edilib ki, Azərbaycan iş adamları bu ildə də Çində keçiriləcək müxtəlif sərgi və tədbirlərdə iştirak edəcək, Şanxay Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində “Azərbaycan Şərab Evi” açılacaq. Bundan başqa, müvafiq memorandum imzalandıqdan sonra Azərbaycana Çindən turist qruplarının səfərləri təşkil olunacaq.

Tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və “Azərbaycan dəmir yolları” QSC-nin sədr müavini İqbal Hüseynov da iştirak ediblər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bildirib ki, “Trans-Xəzər Nəqliyyat Dəhlizi”nin daha yaxşı işləməsi, yüklərin cəlb olunması yalnız “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (AXDG) asılı deyil. “Dəhlizin fəaliyyəti bütün iştirakçıların, o cümlədən Qazaxıstan, Gürcüstan və Türkiyənin fəallığından asılıdır. AXDG dəhlizin əsas iştirakçılarından biri olaraq proseslərdə və danışıqlarda aktiv iştirak edir, Xəzər dənizində yeganə bərə operatoru olaraq fəaliyyət göstərir. Dəhlizin aktiv fəaliyyəti ilə bağlı gəmiçilik olaraq üzərimizə çox ciddi məsuliyyət və vəzifə düşür. Hər kəs dəhlizlərin işlək olması üçün birlikdə çalışsa təbii ki, AXDG-də dəhlizin əsas iştirakçılarından biri olaraq müsbət nəticələr əldə edəcək”, - deyə Rauf Vəliyev bildirib.

Sonda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.