Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

13 Fevral 2018 17:31 (UTC+04:00)

Fevralın 20-23-də Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. SİA xəbər verir ki, çempionatın keçirilməsi yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, yeniyetmə və gənclərdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.

Yeniyetmə güləşçilərin seçim yarışı iki mərhələdən ibarət olub. İlk mərhələdə Azərbaycan Güləş Federasiyasının regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə region birinciliyi uğrunda yarışlar keçirilib. Nümayəndəliklər üzrə keçirilən seçim yarışlarında, ümumilikdə 1000 nəfərdən artıq yeniyetmə güləşçi mübarizə aparıb və ayrılmış saya uyğun olaraq Azərbaycan çempionatında iştiraka vəsiqələr qazanılıb.

Çempionatın proqramına əsasən, fevralın 20-21-də yeniyetmələr, 22-23-də isə gənclər arasında yarışlar keçiriləcək və qaliblər müəyyənləşəcək. Yeniyetmələrin yarışında 2001-2002-ci il təvəllüdlü, gənclərin yarışında isə 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar. 2003-cü il təvəllüdlü idmançılar isə həkim arayışı və valideynin razılığı ilə çempionatda iştirak edə bilər.

Çempionatda ilk üç yeri tutacaq idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaqlar.