"Azad zonalarla bağlı kim güzəşt edirsə, o daha çox udur"

13 Fevral 2018 16:38 (UTC+04:00)

“Beynəlxalq təcrübəni öyrəndikdən və qanun layihəsinin fəlsəfi mahiyyətinə vardıqdan sonra “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin milli qanunvericiliklə ziddiyyət təşkil etməsi barədə fikrimiz dəyişdi, əksinə, bu layihənin tam üstün olması qənaətinə gəldik”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iclasında “Ələt iqtisadi zonası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, layihə Konstitusiya və milli qanunvericiliklə qətiyyən ziddiyyət təşkil etmir: “İnvestorlar bu qanun layihəsinə, azad iqtisadi zonaya tam əsaslana bilərlər. Qəti deyə bilərəm ki, qanun layihəsi iqtisadi inkişafın indiki məqamında irəliyə atılan ən ciddi addımdır”.

"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi ilə bağlı hüquqşünaslarla iqtisadçıların fikirləri arasında ziddiyyət var.

Layihə haqqında fikirlərini bildirən millət vəkili Elşən Musayev deyib ki, qanun layihəsi tətbiq olunacaq daxili qaydaların daha mütərəqqi olduğunu özündə ehtiva edir: "Qanun layihəsi beynəlxalq təcrübədən istifadə olunmaqla hazırlanıb. Lakin hüquqşünaslarla iqtisadçıların fikirləri arasında müəyyən ziddiyyət var. Hüquqşünaslar layihəni müzakirə edib ona rəy verməlidirlər. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, layihənin iqtisadi cəlbediciliyi onun hüquqi cəlbecidliyinin üstündə olsun. Hansısa formada məhkəmə yaradılmalıdır. Mahiyyət etibarilə bu Azad zona investorlar üçündür. İnvestor bu qaydaları öyrənib gələcək. Bu gün dünya təcrübəsinə istinad eləməsək, çox dəqiqdir ki, ora heç kim gəlməyəcək. Bu ziddiyyətləri, iqtisadçı və hüquqşünas ritorikasını nəzərə almasaq, gərək qanun layihəsinin müzakirəsini aparmayaq. Təcrübə göstərir ki, Azad zonalarla bağlı kim nə qədər güzəşt edirsə, o daha çox udur, dövlət daha çox qazanır".