“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi I oxunuşda qəbul edilb

13 Fevral 2018 16:30 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, sənəd Prezidentin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən hazırlanıb.

Onun sözlərinə görə, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini dövlətimizin başçısının “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli Sərəncamına əsasən təşkil edilmiş işçi qrup hazırlayıb.

İşçi qrupun rəhbəri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.

Müzakirələr zamanı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev söyləyib ki, “Ələt azad iqtisadi zona haqqında” qanun layihəsi ölkə konstitusiyası ilə ziddiyyət təşkil edir.

O bildirib ki, qanun layihəsində nəzərdə tutulan əmək qaydaları, ətraf mühitin mühafizəsi və azad iqtisadi zonada mübahisələrin həlli ilə bağlı normalar yenidən işlənməlidir və yaxud ümumiyyətlə qanunvericilikdən çıxarılmalıdır.

“Qanun layihəsində qeyd olunub ki, Azərbaycanda investorlar üçün əlverişli şərait yaradılır ki, bu da onları vergi və gömrük rüsumlarından azad edir. Biz ekologiya, əmək hüquqları ilə bağlı beynəlxalq konvensiyaya qoşulmuşuq. Əgər biz vətəndaşların fundamental hüquq və azadlıqlarından danışırıqsa, bu normalarla bağlı investororlara hansı güzəştdən söhbət gedə bilər? Ekologiya ilə bağlı xarici investora nə kimi güzəştdən söhbət gedə bilər?”,- deyə millət vəkili öz narazılığını bildirib.

Qanun layihəsi haqqında ziddiyətli fikir söyləyənlərə cavab olaraq spiker Oqtay Əsədov bildirib ki, münasibət bildirərəkən layihənin I oxunuşda müzakirəyə çıxarıldığı nəzərə alınmalıdır: “Təbii ki növbəti oxunuşlarda layihədə çatışmayan məsələlər öz əksini tapacaq. Ümumiyyətlə, dünyada 3500-dən artıq iqtisdi zona var lakin onlaran 150-i normal işləyir. Çünki onların fəaliyyəti üçün lazımi imkanlar yaradılmayıb”.

Müzakirələr zamanı çıxış edən digər deputatlar bildiriblər ki, azad zonaların fəaliyyəti iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artmasına təkan verəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək.

Qeyd olunub ki, son 20 ildə transmilli enerji infrastrukturunun, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi və s. kimi beynəlxalq layihələrin reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Azad iqtisadi zonaların fəaliyyəti əhalinin məşğulluğuna da böyük töhfə verə bilər.

Sonda çıxış edən Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qeyd edib ki, əgər biz azad iqtisadi zonlarla bağlı işimizi uğurlu qurmasaq heç kim bu zonlara investesiya qoymayacaq: “Qanun layihəsi hazırlananda dünyada olan ən qabaqcıl təcrübə, qanunlar və qaydalar öyrənilib. Bu qanun qəbul olunduqdan sonra digər qanunlarda uğunlaşdırma aparılacaq. Yeni qanunun konsepsiyası beynəlxalq standartlara uyğun şəkildə hazırlanıb. Qarşıda qoyulan məqsəd Ələti cəlbedici məkana çevirməkdir”.

Müzakirələrdən sonra qanun layihəsi I oxunuşda qəbul edilib.