7 əmlak üzrə 17 sifariş qəbul edilib

13 Fevral 2018 14:28 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə özəl sektorun rolunun gücləndirilməsi, yeni müəssisələrin yaradılması məqsədilə yerli və xarici investorlar üçün imkanlar daha da genişləndirilir. Bu özünü investisiyaların təşviqinə və qeyri-neft sektorunun dirçəldilməsinə yönələn tədbirlərdə göstərir. Belə ki, iqtisadi bazanın sütunlarından biri olan özəlləşmə prosesi sürətləndirilir, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi təmin edilir. Özəlləşmə prosesi isə daşınmaz əmlak bazarında iqtisadi aktivliyin artmasına imkan verir. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Elektron hərracın tətbiqi, sifarişlərin elektron qaydada verilməsi, paytaxt və regionlar üzrə cəlbedici müəssisələrin özəlləşdirilməyə çıxarılması prosesi isə investor marağını yüksəldir. Keçirilən hərraclar zaman iri investorların, kiçik iş adamlarının, gənclərin, eləcədə qadın sahibkarların fəallığı müşahidə edilir. Bununla da özəlləşdirilmənin sürətlənməsi ilə bağlı aparılan işlər öz nəticəsini verir. Özəlləşmə sayəsində Bakı ilə yanaşı regionlarda yerləşən kiçik müəssisə və obyektlər, sənaye müəssisələri müasir texnologiya ilə təchizatlanır, yenidən fəaliyyəti təmin edilir.

Belə müsbət nəticələr Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 fevral tarixində keçirilən növbəti hərracda da özünü büruzə verib. Budəfəki hərracda da rəqabət müşahidə olunub və 33 dövlət əmlakı özəlləşdirilibdir. Bunlardan 7 əmlak üzrə vətəndaşlar tərəfindən 17 sifariş qəbul edilib. Sifarişlərdən 4-ü isə elektron qaydada verilib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi də hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradır. Belə ki, əksər əmlakların rəqabətli olması buna əyani sübutdur.

Qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsinə aid olan 2 dövlət əmlakı bir neçə investoru özünə cəlb edə bilib. Nəticədə paytaxtın Nərimanov rayonunda yerləşən əmlakın ilkin start qiyməti 10 min 800 manat olmasına baxmayaraq 30 min 500 manata özəlləşdirilib. Qeyd edilməlidir ki, qeyri-yaşayış üzrə özəlləşdirilən əmlaklardan 15-i Bakıda qalanları isə Gəncə, Sumqayıt, Bərdə şəhərlərində yerləşir.

Qeyd edilməlidir ki, budəfəki hərracda vətəndaşlarımız Elektron hərracın üstünlüklərindən faydalanıblar. Belə ki, alıcılardan biri paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə onlayn olaraq qoşulub.

Budəfəki hərracda özəlləşdirilən 33 əmlaklardan 1-i səhmdar cəmiyyəti, 3-ü kiçik dövlət müəssisəsi, 18-si qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 10-u isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyəti, 2 kiçik dövlət müəssisəsi, 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 10 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili sahəsi özəlləşdirilib.

Özəlləşən kiçik dövlət müəssisələrinin 2-i paytaxtın Sabunçu və Qaradağ rayonlarında digəri isə Abşeron rayonunda yerləşir. Abşeron rayonunda yerləşən 21 saylı mağaza xidmət sahəsində investorlar üçün yaxşı gəlir gətirə bilər. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 206 kv.m, torpaq sahəsi isə 250 kv.m-ə yaxındır. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bundan başqa paytaxtın Sabunçu rayonunda yerləşən 22 saylı avtodayanacaq da sahibi üçün əlverişli əmlakdır.

Səhmdar cəmiyyəti üzrə özəlləşən əmlak Sabirabad Tədarük ASC-dir. Yarımçıq tikilisi isə Göyçay rayonunda yerləşən Barama toxumu zavodudur. Adı çəkilən əmlakın torpaq sahəsi 11 min kv.m-ə yaxındır .

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Qeyd edilməlidir ki, özəlləşmə prosesində 8 elektron xidmətin tətbiqi əmlak sahibi olmaq istəyən vətəndaşları, investorları özünə cəlb edir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur.