Azad Rəhimov: "Mötəbər idman yarışlarından ölkəmizə böyük miras qalıb"

13 Fevral 2018 11:17 (UTC+04:00)

"Azərbaycanda indiyə qədər keçirilən beynəlxalq idman yarışları ölkəmizə böyük faydalar gətirib". SİA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Avtomobil Federasiyasının təşkil etdiyi “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları-2018” adlı konfransda çıxışı zamanı deyib.

A.Rəhimov bildirib ki, Azərbaycan 1-ci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran Prisi və digər böyük tədbirlərə ev sahibliyi edib. Nazir vurğulayıb ki, bu cür mötəbər idman yarışlarından ölkəmizə böyük miras qalıb. Bildirib ki, belə böyük idman yarışlarının keçirilməsi nəticəsində Azərbaycanın idman infrastrukturu inkişaf edib, ölkəmizin təşkilatçılıq qabliyyəti artıb: “Burada insan kapitalı amili də mühüm rol oynayır. Artıq Azərbaycanda könüllülər ənənəsi formalaşıb. Azərbaycan könüllüləri başqa ölkələrdə keçirilən yarışlarda iştirak edirlər. Birinci Avropa Oyunlarında iştirak edən könüllülərimiz Minskdə keçiriləcək növbəti Avropa Oyunlarda da iştirak edəcəklər”.

Bu il Azərbaycanın daha bir neçə mötəbər beynəlxalq yarışlara ev sahibliyi edəcəyini diqqətə çatdıran A.Rəhimov vurğulayıb ki, bütün bu yarışlar ölkəmizin inkişafına xidmət edəcək.