"Ermənistan demoqrafik baxımdan çətin vəziyyətə düşüb" AÇIQLAMA

13 Fevral 2018 23:00 (UTC+04:00)

"Ermənistan işğalçı bir dövlətdir, torpaqlarımızın 20 faizini işğal edib. Ona görə də Azərbaycan həyata keçirdiyi bütün nəqliyyat, kominikasiya, energetika layihələrindən işğalçı ölkəni kənarda qoyub. Beləliklə, ciddi sosial-iqtisadi problemlər yaşayan Ermənistan həm də demoqrafik baxımdan çətin vəziyyətə düşüb". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, getdikcə Ermənistanda vəziyyət daha da acınacaqlı hal alır və əhalinin sayı azalır: "Müqayisə üçün qeyd edək ki, əgər 1991-ci ildə Azərbaycanın yeddi milyona yaxın əhalisi vardısa, bu gün bu rəqəm on milyondur. Həmin vaxt Ermənistanda isə təqribən üç milyon yarım əhali yaşayırdısa hazırda bu rəqəm bir milyon dörd yüz min təşkil edir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında bildirdi ki, biz Ermənistana qarşı təcrid siyasətimizi bu gün də davam etdiririk və Azərbaycana edilən təzyiqlərə baxmayaraq gələcəkdə də davam etdirəcəyik. Təkcə 2017-ci ildə 40 mindən çox ailə geri qayıtmamaq şərti ilə Ermənistanı tərk edib. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistanın işğalçılıq siyasətinin perspektivi yoxdur. Əgər Ermənistan doğrudan da müstəqil bir dövlət olmağa və inkişaf etməyə çalışırsa, işğal etdiyi Azərbaycan torpaqlarından öz qoşunlarını çəkməlidir. Azərbaycan onsuz da öz əzəli, tarixi torpaqlarını geri qaytaracaq. Yaxşı olardı ki, Ermənistan bu həqiqəti dərk etsin və sülh yolu ilə torpaqlarımızı geri qaytarsın. Əks təqdirdə Ermənistanın nəinki bir dövlət kimi mövcud olması ümumiyyətlə ermənilərin Cənubi Qafqazda yaşaması kimi bir perspektivləri olmaya bilər".