Hərbi ekspert: "Həmsədrlərin hərəkətləri gülməli hal alıb” MÖVQE

13 Fevral 2018 09:33 (UTC+04:00)

“Bu gün ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona mütəmadi səfərlərində təəssüflər olsun ki, heç bir uğurlu irəliləyişi görmürük. Artıq onların bu hərəkətləri gülməli hal alıb”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, həmsədrlərin səfərlərində heç bir nəticə olmadığına görə, artıq onların bu səfərləri turistik səfər adlandırılır: “Birinci növbədə bu həmsədrlərin dövlətlərinin mövqeyidir. Bildiyiniz kimi həmsədrlər böyük dövlətləri təmsil edən nümayəndələrdir. Onlar özbaşına heç bir qərar qəbul etmirlər. Bu gün sirr deyil ki, Qarabağ və digər münaqişə ocaqlarından böyük dövlətlər öz geosiyasi məsələlərinin həllində bir vasitə kimi istifadə edirlər. Təbii ki, Qarabağda onlardan biridir. Qarabağ münaqişəsi Azərbaycan kimi dövlətin torpağının, ərazi bütövlüyünün itirilməsi ilə nəticələnib. Bu gün rəsmi Bakı özünün imkanlarına görə beynəlxalq aləmdə xüsusi rola malikdir. Bildiyiniz kimi, qarşıda Azərbaycanda, Ermənistanda və Rusiyada prezident seçkiləri keçiriləcək. Həmsədrlərin belə bir ərəfədə regiona səfərləri hər iki tərəfin atəşkəs rejiminə əməl etməsinə hesablanıb”.