Bəhram Mansurovun doğum günüdür

12 Fevral 2018 10:19 (UTC+04:00)

Azərbaycan musiqiçisi, görkəmli tarzən, Azərbaycan SSR xalq artisti Bəhram Mansurovun doğum günüdür. SİA-nın mənbələrə istinadən verdiyi məlumata görə, məşhur tarzən 12 fevral 1911-ci ildə Bakıda dünyaya gəlib.

Bəhram Mansurov uşaqlıqdan evlərində təşkil olunan musiqi məclislərinin şahidi olub. Babası Məşədi Məlik bəy dövrünün açıq fikirli şəxslərindən biri, həm də istedadlı musiqişünas, mahir çalğıçısı olub. Seyid Əzim, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi məşhur şair və ədiblərimiz onunla yaxın əlaqədə olublar.

Evlərində çoxlu tarolub. Atası evdən bir yerə gedən kimi balaca Bəhram dərhal divardan asılan tarlardan birini götürüb çalar, özü də bilmədən kökdən salıb divardan asardı. Məşədi Süleyman evə qayıdanda Bəhramın tara toxunduğunu sövq-təbii ilə başa düşər və "mənim tarıma kim toxunub?" - deyə soruşardı. Bəhram da günahını boynuna alaraq "hardan bildin ki, mən toxunmuşam" - deyə uşaq məsumluğu ilə soruşar, atası "tarın kökündən" - deyə cavab verərdi. Onun tara, musiqiyə olan həvəsini görən Məşədi Süleyman Bəhrama həmişə deyərmiş: "Mən hiss edirəm ki, sən tarı birdən-birə çalacaqsan. Sənə öyrətmək lazım deyil". Doğrudan da Bəhram 8 yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərinə kökləyib. Bəhram Mansurovun 19 yaşı olanda Müslüm Maqomayev onu ilk notlu xalq çalğı alətləri orkestrinə, daha sonra isə Opera və balet Teatrına solist-tarzən kimi dəvət edir. Bəhram Mansurov opera səhnəsində Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işləyir. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları teatra cəlb edərək onları tamaşalara hazırlayır. Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında Azərçaycan muğamları UNESCO xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.

O, 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib. Bəhram Mansurov Sadıqcandan sonra klassik Azərbaycan muğamlarını qoruyub saxlayan və təbliğ edən yeganə tarzən olub. Onun ifasından bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınıb.

O, 14 may 1985-ci ildə vəfat edib.

2011-ci il fevral ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bəhram Mansurovun anadan olmasının 100 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilib.