Cərrah transplantoloq: "Yad insanlardan da orqan köçürülməlidir"

9 Fevral 2018 12:57 (UTC+04:00)

“Azərbaycanda orqan köçürülməsi ilə bağlı reyestr və kordinasiya mərkəzlərinin yaradılmasına böyük ehtiyac var”. SİA-nın xəbərinə görə, bu fikirləri cərrah-transplantoloq Nuru Bayramov “İnsan orqan və (və ya) toxumaların transplantasiyası haqqında” Azərbaycan respublikasının qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmədə çıxışı zamanı deyib.

Bu gün ölkəmizdə donorla bağlı problemlərin olduğunu deyən cərrah söyləyib ki, ölkə qanunvericiliyində yalnız qohumlardan donor əldə edilməsi məsələnin yer alması belə əməliyyatların həyata keçirilməsinə mane olur: “Bəzən bir transplantasiyanın həyata keçirilməsi üçün 10-15 nəfər müayinə olunur. Lakin qohumların heç brinin orqanı uyğun gəlmədiyi halda. bu əməliyyatı keçirmək mümkün olmur. Belə vəziyyətlərdə qohum olmayan donorlardan da orqan alına bilər”.

Qohum olmayan donorlardan orqan köçürülməsi məsələ ilə bağlı Türkiyədə və dünyada qəbul olunan təcrübənin olduğunu deyən, N.Bayramov söyləyib ki, hazırki vəziyyətdə ölkəmizdə də bu təcrübələrin tətbiqinə ehtiyac var: “Azərbaycan qanunvericiliyi yad insandan orqan köçürməyə imkan vermədiyi üçün, vətəndaşlarımızı belə əməliyyatları keçirmək üçün digər ölkələrə üz tutmalı olurlar. Lakin bu əməliyyatlar ölkəmizdə də keçirilə bilər”.

N.Bayramov ölkəmizdə beyin ölümü ilə bağlı diaqnozu qoya biləcək qruplar yaradılmasını təklif edib.