Nazirlikdə YUNİSEF-lə əməkdaşlıq müzakirə edilib

9 Fevral 2018 10:38 (UTC+04:00)

Təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov ölkəmizdə səfərdə olan YUNİSEF-in regional ofisinin uşaqların erkən inkişafı üzrə baş məsləhətçisi Dipa Qrover və inklüziv təhsil üzrə regional məsləhətçisi Nora Şabanini qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və YUNİSEF arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, o cümlədən inklüziv və məktəbəqədər təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda görüşdə Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2024-ci illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət proqramı"nın icrası istiqamətində YUNİSEF-lə əməkdaşlıq imkanları müzakirə edilib.

Səfər çərçivəsində YUNİSEF-in regional ofisinin nümayəndələrinin Təhsil Nazirliyi və Təhsil İnstitutu əməkdaşları üçün inklüziv təhsillə bağlı təlimi keçirilib.