“Cığırda”

8 Fevral 2018 13:42 (UTC+04:00)

Səfər Alışarlıdan yeni hekayə

Bu yazı “Zavod həyəti” adlanan povestimin mətnində mənə əsas mövzu ilə tam uyuşmayan lazımsız epizod təfsilatçılığı kimi göründüyü üçün kəsib atdım. Sonra baxdım ki, kiçicik səhnədir, ayrıca oxunur.

Müəllif

Dəli Məhərrəm yay-qış səliqə ilə geyindiyi qara kostyumunda, şlyapası başında zavod idarəsinin qarşısından keçib parkın qırağı ilə çörəkxanaya qədər eyni yolu davamlı gedib-gəlir: dodaqaltı nəsə danışır, əllərini ölçür, hərdən kiməsə barmaq silkir, amma bu aqressiya onun digər hərəkətlərinə qətiyyən sirayət eləmir. Elə bil uzaq xəstəxanadakı uzunmüddətli müalicə zamanı onun hərəkət əzələlərinə əyləc qoyulub və bu əyləc Məhərrəmin iradəsindən asılı olmadan lazımi anda işə düşməklə mühitdə əmin-amanlığın qorunmasını etibarlı şəkildə təmin edir. Onun yaşadığı və şəxsən idarə etdiyi dünya səki boyu bir zolağa gen-bol yerləşir, orada hər şey saat kimi dəqiq işləyir, çünki Məhərrəmdən sonra kimsəyə təpinməyə və ya barmaq silkməyə ehtiyac qalmır.

Bir dəfə necə oldusa Məhərrəmin cığırına Şakal Abbas girdi və onlar qarşılaşmazdan əvvəl bir-birlərinin iyini heyvan kimi havadan aldılar. Məhərrəmin keçmişi yalnız onun ailəsinə bəlli idisə, Abbasın Bakı həbsxanalarında çürümüş quldur keçmişi hər kəsə, onu iynələyib buralara öz əcəli ilə ölməyə göndərmiş hökumətə isə hamıdan yaxşı məlum idi. Abbas siyirsəmiş söyüd kötüyü kimi möhkəm bədənli, tösmərək adam idi, ən çox işlətdiyi “Şakal” söyüşünü qarasınca danışdığı, xoşuna gəlməyən, onun istəyini yerinə yetirməyən hər kəsin alnına dərhal, bir an belə düşünmədən, “salaməlyküm” yerinə yapışdırırdı. Abbasın xofu iti də basırdı; uzaqdan onun qarasına hürə-hürə zəncir gəmirən itlər onu görcək başını aşağı salıb mısır, elə bil səhv edib onu vaxtında tanımadıqları üçün üzr istəyirdilər. Elə itlərə Abbas gözlərində daim qaynayan sərt bir qığılcımla, dinməzcə, dodaqlarını bir-birinə bərk-bərk sıxaraq baxırdı və aralanıb gedəndə əlini cibindən çıxarmadan itə xəbərdarlıq kimi çəmkirirdi: “Bax ha-a-a! Bir də təkrarlanmasın, yoxsa...”

Amma bütün bunlarla bərabər qırğı baxışları, bıçaq tiyəsi kimi iti burnu və nazik dodaqlarının birlikdə hazırlayıb qüsursuz dəqiqliklə tələffüz etdiyi “Şakal” söyüşü nədənsə uzağa uçmadan qanadı sınıq quş kimi Abbasın üstünə qayıdıb onun öz adının qarşısına düşmüşdü. Hərdən belə işləri də olur tərəzi gözlümün...

Pul tapıncaya qədər bütün rayon mərkəzini hər gün ən müxtəlif ölüm-dirim marşrutları üzrə ələk-vələk eləyən Şakal Abbas ilk dəfə çayxananın yaxınlığında cığıra girməyinin fərqində idi və əlləri ciblərində düz Məhərrəmin üstünə gedirdi. Çatanda Abbas dayandı, elə bil itlərə bəxş etmədiyi rəhmdillikdən Məhərrəmə pay ayırmaq istədi. Ancaq cığır məmləkətinin padşahı dümdüz qələm qaməti, qabağa verdiyi balaca qarnı ilə bir addım da irəliləyib, barmağını Abbasın gözünə soxa-soxa ucadan belə dedi:

- Sən bilmirsən orda adama neynirlər?! – Sonra qolunun sərt hərəkəti ilə parkdakı çayxana səmti göstərərək bir az xırıltılı səslə, amma qəti əmr verdi. – Apar bunu! Apar at çömçəyə!

Yəqin “qazan” demək istəyirdi, amma bu söz, görünür, Dəli Məhərrəmin beynindəki sağlam və xəstə qırışların arasındakı yarığa düşüb itmişdi və yerində mətbəx əşyalarının ən uzunu, çömçə qalmışdı.

Çayxana belə yenilməz diqqət və sadəlövh uşaq həssaslığı ilə yalnız bir şeyi, zavodda maaşların nə vaxt veriləcəyi xəbərini şəxsən baş mühasibin dilindən dinləyirdi. Uca çinarların kölgəsində ən adi günlərindən birini yaşayan çayxanaya elə bil düşmən topundan qəflətən atılmış mərmi gəlib düşmüşdü, ancaq nədənsə partlamamışdı, yalnız ağacların kiçik budaqları şaqqıltı ilə qırılıb yerə tökülmüşdü, yəni çayxana ayaq üstdə idi, nə qaça bilirdi, nə də otura.

Abbas gözlənilmədən geri addım atdı, elə bil buralarda ilk dəfə qarşılaşdığı bu qəribə müqavimətin nədən ibarət olmasını dəqiq araşdırmaq, layiqincə qiymətləndirmək və müvafiq qərar qəbul etmək üçün arxadakı ehtiyat sığınacağına çəkildi.

- Sənə demədim bir də mənim gözümə görünmə?! – Məhərrəm bütün zəhmi ilə qarşısındakı adamın gözlərinə baxa-baxa basqını davam etdirdi və təkrar əmr verdi. – Apar at bunu çömçəyə!

Bu gözlənilməz qarşılaşma Abbası çoxdan unutduğu, əbədi tərk etdiyi bir məkana tullamışdı və onun oradan çıxması dərrakəsinin gücü ilə yox, sırf fiziki hərəkətlərinin, əl-qolunun, baxışlarının dodaqlarının və taqətdən düşməkdə olan dizlərinin vərdiş etdiyi tərpənişlərin sayəsində baş verdi. Bundan ötrü Abbas sanki qarşısında Məhərrəmin olduğunu deyil, cibində pulu olub ona vermək istəməyən birisinin durduğunu görməli idi.

- Bu saat çömçənin quyruğunu mən sənin ... soxum, sən də bax, şakal!

Abbas leksik tərkibindən fərqli olaraq sintaktik quruluşunda heç bir məktəb müəlliminin qüsur tuta bilməyəcəyi gül kimi mürəkkəb cümləni ağlının quldur tərəfində cırıltı ilə işləyən köhnə fikir dəzgahında dədə-baba qaydası ilə düzəldərək qeyri-ixtiyari bağırdı. Amma məsələ hələ əlbəyaxa səviyyəyə çıxmadı. Görünür, bu mərhələ üçün hər iki iynəlinin xeyli kütləşdirilmiş də olsa, müəyyən emosional ölçüləri və əsəbilik hədləri vardı. Söhbət uzanırdı. Çayxana bunu indi daha anlaşıqlı seyr etməyə başlamışdı (baş mühasib ayın 15-dək maaş olmayacağını yek kəlmə ilə deyib çıxıb getmişdi): yəni adam dalaşar da, döyər də, döyülər də... Nə olar iynəli olanda!

Günün-günorta çağında gözəgörünməz cığır səltənətində qarşılaşmış iki qeyri-adekvat adamı, deyəsən, çayxanadakılardan da savayı görən, diqqətlə onları izləyən və rəhmlə yönəldən varmış. Çünki necə ola bilərdi ki, ayda-ildə bir dəfə təsadüfən üzünü qırxdıran Əngiəyri Şəmil həmin an dəlləkxanada olaydı; bu da azmış kimi, üzünü qırxdırıb qurtarmış olaydı və səs-küyə bayıra çıxan ağ xələtli dəlləyin ardınca çölə qaçıb şap-şuplu ikicə addıma çayxananın ortasına düşəydi?! Demək vacibdir ki, Şəmili cığır səltənətində söyüşən iki şəxsdən fərqləndirən əsas məsələ ənginin öz oxundan ən azı 50 dərəcə sağa əyilməsi və iynələnməməsi idi. Nə vaxtsa, yaranışdamı, doğuşdamı, çənəsi qədərində Şəmilin nitqi və dərrakəsi də əyilmişdi. Onun nə dediyini güclə başa düşmək, puldan başqa nə istədiyini güclə anlamaq olurdu. İt ağzından çıxmış qədər əzik-üzük görünən, sarımtıl kağız torbası qucağında, Şəmilin sanki peşə prestiji naminə insafla qırxılmış ağappaq, əyri çənəsi bişmiş arzuman küftəsini, ağ çapıqlarla dolu daz başı isə bıçaq yazı-pozusu ilə zəngin vağzal skamyasını andırırdı. Şəmil də hamı kimi cığıra baxırdı, amma hamıdan fərqli olaraq heç bir həyəcan keçirməyən Şəmilin kefi kök idi, rahat dəllək kreslosunun yumşaq ləzzəti yançaqlarına, üzünə fısqırdılmış ətrin xoş qoxusu isə hələ canına yayılmaqda davam edirdi.

Bir nəfər yaxınlaşıb Şəmilin ovcuna qəpik qoydu, qaş-göz, pıçıltı və əllərinin qısa hərəkəti ilə başa saldı ki, o getsin cığırda arxası bəri durmuş tösmərəyə arxadan bir şillə ilişdirib tez qaçsın. Şəmil onun üzünə bic-bic baxmağa çalışsa da, əyri sifətində təbəssüm çox məsum və yumşaq alındı. Bir nəfər yenə tezbazar izah elədi və Şəmilin torbasını alıb özündə saxlayacağını dedi.

Şəmil cadarlı qara dabanlarını bütün çayxanaya göstərə-göstərə qısa addımlarla cığıra tərəf getdi və arada başını çevirib arxaya bayaqkı sadəlövh təbəssümü ilə baxaraq əlinin işarəsilə balacaboyu necə vuracağını hamıya göstərdi.

Həmin an Şakal Abbas yarmaça kimi gödək əlləri ilə Dəli Məhərrəmin uzun qollarının müdafiəsini yarıb onu xirtədəkləməyə çalışır və belə deyirdi:

- Sənin kimi dördü yatır Yasamalı qəbirsandığında! Şakal!

Dəli Məhərrəmin daxili əyləci işə düşmüşdü, yoxsa var gücü ilə bassaydı, bəlkə də Abbası yıxıb keçərdi. Şəmil qorxa-qorxa onlara yaxınlaşıb, tösmərəyə arxadan şillə vurmaq əvəzinə çayxanadan ora sağ-salamat aparıb çıxardığı yetim təbəssümü ilə Abbasın üzünə gülümsünərək qəpiyi sıxdığı yarıbükülü ovucunu irəli uzatdı. Sanki ona dalaşmağın yox, pulun daha vacib olduğunu xatırlatmağa çalışdı. Şəmilin birdən peyda olması dalaşanların iksinin də əlini işdən soyutdu və onlar qarşılaşdıqları gözlənilməzliklə də ayrıldılar: cığır yenə zavod həyətinə qarışıb itdi.