Azərbaycanın EKSPO-2025 sərgisində şansı daha da artdı

21 Yanvar 2018 14:09 (UTC+04:00)

Fransa EKSPO-2025 sərgisini keçirmək uğrunda mübarizədən rəsmən imtina edib. SİA-nın xəbərinə görə, bu barədə "Le Monde" nəşri yayıb. Parisin imtinasından sonra 2025-ci ildə Ümumdünya sərgisinin keçirilməsi uğrunda üç namizəd şəhər – Bakı, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) mübarizəni davam etdirir. Nəşr məlumatı layihənin iqtisadi modelinin "struktur çatışmazlıqları"nı tənqid edən Fransanın baş naziri Eduar Filippə istinadən yayıb. Filippin sözlərinə görə, Fransa EKSPO-nun keçirilməsi ilə bağlı əlavə maliyyə öhdəliklərini üzərinə götürə bilməz. Nəşr yazır ki, Fransa 2024-cü il Olimpiadasını qəbul edəcək, ona görə, daha bir beynəlxalq tədbirin keçirilməsi respublika büdcəsi üçün artıq yükdür. Belə olan halda, Azərbaycanın sərgini keçirmək üçün təqdim etdiyi ərizənin şanslarını daha da artmış hesab etmək olar.