Türkiyə Ordusu terrorçulara Afrində zərbə endirib

20 Yanvar 2018 14:50 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri terrorçuların Suriyanın Afrin bölgəsindəki sığınacaqlarını top atəşi ilə vurub. Anadolu informasiya agentliyi xəbər verir ki, zərbələr yanvarın 19-20-də PYD/PKK-nın Afrindən Türkiyə istiqamətində açdığı təxribat xarakterli atəşlərə cavab olaraq endirilib. Türkiyə ordusunun Baş qərargahından verilən məlumata görə, cavab atəşləri nəticəsində terror təşkilatının bir sıra obyektləri, o cümlədən sığınacaq və anbarları məhv edilib. Top atışları Türkiyənin özünümüdafiə hüququ əsasında həyata keçirilib.

Xatırladaq ki, Ankara sərhəd bölgəsinə toplaşmış PYD/PKK dəstələrinə qarşı irimiqyaslı əməliyyatları istisna etmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bəyan etmişdi ki, Afrində terrorçu qüvvələrə qarşı əməliyyat istənilən an başlaya bilər.