Naxçıvan teleradiosunun efir vaxtı artırılacaq

19 Yanvar 2018 18:38 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib.

Naxcivantv.az xəbər verir ki, iclasda komitənin sədri Sahil Tahirli çıxış edərək ötən ilki fəaliyyəti təhlil edib, qazanılan uğurları diqqətə çatdırıb. Qeyd olunub ki, 2017-ci ildə kütləvi informasiya vasitələrinin inkişafı da diqqətdə saxlanmış, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə yeni çəkiliş avtomobili verilmiş, rayonlarda dövlət televiziyasının xüsusi müxbir postları yaradılmış, teleradionun efir vaxtı bir saat artırılmış, dövlət radiosunun internet üzərindən yayımı təmin olunmuş, dövlət televiziyasında xəbərlərin ingilis dilində buraxılışına başlanılmışdır.

Bu il televiziya və radionun efir vaxtının daha 1 saat artırılaraq 19 saata çatdırılması qarşıya məqsəd qoyulub. Bu baxımdan teleradioya yeni kadrların cəlb olunması, veriliş və proqramların sayının və keyfiyyətinin artırılması 2018-ci ildə qarşıda duran ən mühüm məsələlərdən biri kimi diqqətdə saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinın sədr müavini Xaliq Babayev bildirib ki, bu gün geniş izləyici kütləsi toplayan Naxçıvan teleradiosunun naxcivantv.az saytı Naxçıvanın mühüm informasiya mənbəyi olmaqla yanaşı, həm də müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevrilib. Ötən dövrdə sayta müraciət edənlərin sayı dünyanın 131 ölkəsindən, 6 milyon 700 min nəfəri ötüb.

Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar muxtar respublika ərazisindəki türk-islam mədəniyyəti abidələri, məscid və ziyarətgahlar haqqında materialların işlənməsinə, din, cəmiyyət və ailə dəyərlərinin tənzimlənməsi sahəsində görülən işlərin geniş təbliğ olunmasına da xüsusi önəm verilib və bu istiqamətdə işlər davam etdirilir.

Xaliq Babayev qeyd edib ki, ötən il televiziyada müxtəlif profilli 1404 veriliş və 30-dan çox televernisaj və videoçarx hazırlanaraq efirə təqdim edilib. Naxçıvan Dövlət Radiosunda isə il ərzində 2994 yeni radiomaterial efirə təqdim olunub. Bu verilişlərin 1142-si canlı veriliş və proqramlardır. Bu il də teleradionun proqram siyasətinin əlamətdar gün və tarixi hadisələrlə səsləşməsi üstün istiqamət kimi götürüləcək, imzalanan fərman və sərəncamların, dövlət proqramlarının icra vəziyyəti diqqətdə saxlanılacaq, yeni sənədli və televiziya filmləri çəkiləcək.

İclasda Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova çıxış edərək Naxçıvan Dövlət Teleradiosunun, "Kanal-35" televiziyasının və "Naçıvanın səsi" radiosunun 2017-ci il üzrə fəaliyyəti barədə aparılan monitorinqlərin nəticələrini diqqətə çatdırıb, şuranın illik fəaliyyətini təhlil edib.

Televiziyanın Xəbərlər redaksiyasınının baş redaktoru Lalə Hüseynova, Sənədli filmlər və dublyaj redaksiyasının baş redaktoru Müzəffər Əsgərov, İctimai-siyasi məsələlər redaksiyasının baş redaktoru Ramal Məmişov, İncəsənət və musiqi verilişləri redaksiyasiyasının baş redaktoru Təhminə Babayeva və Naxçıvan Dövlət Radiosunun Ədəbi-bədii verilişlər redaksiyasının baş redaktoru Adilə Səfərova çıxış edərək redaksiyaların illik fəaliyyəti və qarşıda duran vəzifələrdən danışıblar.

İclasda Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin 2018-ci il üzrə İş planı və illik yayım üzrə şəbəkə cədvəlləri təsdiq edilib.