EHTTA-nın İcraiyyə Şurasında Nazirlik təmsil olunur FOTOLAR

19 Yanvar 2018 13:55 (UTC+04:00)

Fransanın Paris şəhərində keçirilən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) İcraiyyə Şurasının iclasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı - Assosiasiya üzrə layihə koordinatoru Günel Aslanova iştirak edir. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti Guiseppe Bellandi üzvləri salamlayaraq, gündəlik haqqında məlumat verib və qeyd edib ki, son illər statistik təhlillərə nəzər saldıqda Avropa sağlamlıq turizmi məkanlarının, yerləşdirmə obyektlərinin sayının artması təqdirəlayiqdir.

Bildirilib ki, regionda bu sahənin nəzərəçarpacaq inkişafı Assosiasiya tərəfindən əhəmiyyətli layihələr həyata keçirilməsinə geniş imkanlar açır.

Daha sonra Təşkilatın rəhbəri G.Bellandi ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günel Aslanova arasında görüş keçirilmiş və cari ilin may ayında Qalaaltıda keçiriləcək Baş Assambleya haqqında ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda, tədbirin təşkilatçılığı ilə bağlı həm Assosiasiya, həm də Nazirlik tərəfindən görüləcək işlər barədə detallar müzakirə olunub.

Bununla yanaşı, görüş zamanı yaxın gələcəkdə Azərbaycan digər termal imkanları geniş olan və daha çox inkişaf etmiş sağlamlıq turizmi regionlarının da Assosiasiyaya üzvlüyü məsələsi qaldırılıb.

Xatırladırıq ki, 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Qalaaltı” regionu Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulmuş və üzvlük çərçivəsində 2018-ci ilin may ayında Assosiasiyanın növbəti Baş Assambleyasının Qalaaltıda keçirilməsi qərara alınıb.