20 Yanvar milli azadlıq uğrunda qəhrəmanlıq salnaməsidir

18 Yanvar 2018 18:29 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, təbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatı gənclər birliyinin sədri Elvin İmaməliyev çıxış edərək, 1990-cı il yanvarın 20-nə keçən gecə törədilmiş dəhşətli hadisələrin Azərbaycanda baş qaldıran azadlıq hərəkatına qarşı yönəlmiş amansız bir aksiya olduğunu bildirib. O, 1990-cı ilin Qanlı Yanvarında Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşiliyin törədildiyini qeyd edərək, bu faciənin səbəblərindən danışıb. O, qeyd edib ki, 20 Yanvar faciəsi keçmiş Sovet imperiyası hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktıdır. Bu qanlı hadisəyə, ilk olaraq, öz münasibətini bildirən Dahi Şəxsiyyət Ümummilli Lider Heydər Əliyev olub. Ulu Öndər Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, faciəni törədən şəxsləri kəskin tənqid edib.

Daha sonra tədbirdə çıxış edən "Ağstafa" qəzetinin baş redaktoru İbrahim Əliyev, rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Əli Cəfəroğlu və başqaları 1990-cı ilin 20 yanvarında baş verən qanlı hadisələrdən söz açıblar. Bildirilib ki, bu qanlı faciə heç zaman unudulmayacaq, xalqımızın yaddaşında daim milli azadlıq uğrunda qəhrəmanlıq salnaməsi kimi yaşadılacaq və gələcək nəsillərə ötürüləcək.

Tədbirin sonunda 20 yanvar hadisələrinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

ZÜMRÜD