Yol hərəkəti qaydalarını pozan sürücü işdən azad edilib

18 Yanvar 2018 17:22 (UTC+04:00)

18.01.2018 tarixində Bakı Nəqliyyat Agentliyinə 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 DQN-lı sərnişin avtobusu ilə bağlı video görüntü təqdim edilib. Müəyyən edilib ki, sürücü sərnişin avtobusunu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə edib.

BNA-dan SİA-ya verilən məlumata görə, həmin görüntü əsasında dərhal araşdırma aparılıb və 11 nömrəli müntəzəm marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağrılıb. Bakı Nəqliyyat Agentliyinin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib. Bununla yanaşı daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.