Çingiz Hüseynzadə AOK-un İcraiyyə Komitəsinin iclasında iştirak edir

18 Yanvar 2018 15:23 (UTC+04:00)

Yanvarın 17-18-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin yeni heyətinin ilk iclası keçirilir. Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə AOK-un İcraiyyə Komitəsinin üzvü və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edir.

Həmçinin, iclasa AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, qurumun vitse-prezidenti Nils Niqaard və İcraiyyə Komitəsinin üzvləri qatılıblar.

AOK-un iclası çərçivəsində adıçəkilən təşkilatın baş katibi və xəzinədarının hesabat çıxışları dinlənilib. Atletlər komissiyasının mühazirə çıxışları isə gündəlikdə olan məsələlər sırasındadır.

Qeyd edək ki, tədbir çərçivəsində Avropa Oyunları, Yeniyetmələrin Avropa Olimpiya Festivalı, həmçinin 39-cu Avropa Olimpiya Komitəsinin seminarı və Pyonçanq 2018 Qış Olimpiya Oyunları müzakirə olunacaq.