ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

18 Yanvar 2018 15:14 (UTC+04:00)

Yanvarın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, universitetin professor-müəllim heyəti, 20 Yanvar şəhidlərinin yaxınları iştirak edib. Tədbir universitetin şəhid olmuş 3 tələbəsi - Rahim Babayev, Canpolad Orucov və Ağabəy Novruzbəylinin barelyefləri önündən başlanıb. İştirakçılar şəhidlərin vaxtı ilə oxuduqları fakültələrdə qoyulan barelyefləri önünə qərənfillər düzüb, onların xatirəsini yad ediblər.

Şəhidlərin ailə üzvləri və yaxınlarının iştirak etdiyi anım tədbirində çıxış edən rektor, professor M.Babanlı 28 il əvvəl baş verən qanlı yanvar hadisələrdən danışıb. ADNSU-nun şəhid olan mübariz ruhlu tələbələrinin həmin günlərdə göstərdiyi şücaəti vurğulayan rektor, professor M.Babanlı Azərbaycanın məhz bu cür oğulları sayəsində müstəqilliyini qurduğunu və bu gün də bu müstəqilliyi qoruduğunu deyib. Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə şəhid olan gənclərin ADNSU-da daim qürurla xatırlandığını deyən M.Babanlı şəhidlərin yaxınlarına və ailə üzvlərinə anım tədbirində iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri onların doğmalarına göstərilən bu cür diqqətdən razı qaldıqlarını bildiriblər. Tədbir iştirakçıları həmin dövrü və 20 Yanvar hadisələrini xatırlayıb, şəhid olan qəhrəman oğulları bir daha yad ediblər.

Şəhidlər haqqında xatirələrini bölüşən yaxınları 20 Yanvarın Azərbaycan tarixində matəm izi ilə yanaşı həm də şanlı bir iz qoyduğunu qeyd ediblər. Sonda tədbir iştirakçıları işğal olunmuş torpaqlarımızın düşməndən azad olunacağına, şəhidlərimizin qanının yerdə qalmayacağına inandıqlarını bildiriblər.