Nazirlik “Fitur 2018” beynəlxalq turizm sərgisində

18 Yanvar 2018 13:32 (UTC+04:00)

2018-ci ilin 17-21 yanvar tarixlərində İspaniyanın Madrid şəhərində keçirilən “Fitur 2018” beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm potensialı təqdim olunur. SİA-nın məlumatına görə, sözügedən sərgidə Nazirliklə yanaşı “Millennium Tourism”, “ENC”, “Geo Travel”, “Via Caucasus”, “Aristokrat”, “Azerbaijan Travel”, “World Travel”, “Al Travel” turizm şirkətləri və “Gilan Hospitality”, “Marxal” mehmanxanaları iştirak edir. Sözügedən tədbirdə Nazirliyi Turizm şöbəsinin əməkdaşı Leyla Verdiyeva və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir.

Qeyd olunan beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 55 kv.m sahə icarəyə götürülərək xüsusi dizaynla stend quraşdırılmışdır. Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunur, ziyarətçilərlə işgüzar görüşlər keçirilir və yerli turizm şirkətləri tərəfindən bir sıra əməkdaşlıq müzakirələri aparılır.

Həmçinin ölkəmizin milli stendi Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili və Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfiri Anar Məhərrəmov tərəfindən ziyarət olunmuşdur.

Qeyd edilməlidir ki, artıq 38-ci dəfə keçirilən ənənəvi “Fitur-2018” beynəlxalq turizm sərgisi dünyanın 165 ölkədən 10 mindən artıq şirkət təmsil olunur.