Səbaildə ərazi nümayəndəliyi hesabat verib FOTO

18 Yanvar 2018 13:12 (UTC+04:00)

20-ci yaşayış sahəsindəki 162 №-li orta məktəbdə Səbail rayonu Bayıl-20-ci yaşayış sahəsini əhatə edən Səbail RİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib. Səbail RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsindən SİA-ya verilən məlumata görə, bu ərazidə yerləşən idarə və təşkilatların, təhsil, səhiyyə və digər müəssisələrin, təsərrüfat xidmətlərinin, yerli bələdiyyənin nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən toplantıda 2017-ci il ərzində bu ərazidə həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüfər Əhmədzadə bildirmişdir ki, 51.000 nəfər əhali yaşayan və 6510 nəfər məcburi köçkün məskunlaşmış ərazidə ötən il SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışı olmuş, iyul ayında Yeni Salyan yolu küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün yeni yaşayış binası istifadəyə verilmiş və ölkə başçısı cənab İlham Əliyev tərəfindən burada 3-cü binanın təməli qoyulub.

Sentyabrın 11-də ölkə başçısının tapşırığına əsasən Səbail RİH tərəfindən 20-ci yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binasında aparılan təmir-yenidənqurma işləri başa çatdırılmış və cənab Prezident məktəbdə yaradılan şəraitlə tanış olmuş, oktyabın 28-də isə ölkə başçısı Səbail rayonu 20-ci yaşayış sahəsində Səbail RİH tərəfindən istifadəyə verilmiş yeni idman və istirahət parkının açılışında iştirak edib.

Hazırda ərazidə Səbail Rayon Prokurorluğunun yeni inzibati binasının tikintisi davam edir.

Ötən il sakinlərin müraciətləri nəzərə alınaraq kəskin qəzalı vəziyyətdə olan I Buxta döngəsi 39 ünvanındakı yaşayış binası ilə bağlı RİH tərəfindən müvafiq dövlət qurumlarına müraciətlər olunmuş və həmin binada yaşayan 13 ailənin dövlət vəsaiti hesabına kompensasiya ödənilməsi yolu ilə köçürülməsi təmin olunub.

Bayıl-20-ci yaşayış sahəsində tam yenidənqurmaya ehtiyacı olan binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı 8 müasir layihə işlənib təsdiq olunmuş və artıq Neftçi Qurban və Xanlar küçələrində 3 ünvanda tikinti işləri sürətlə davam edir.

Ötən il RİH tərəfindən 157 saylı uşaq bağçasının sökülərək müasir layihə əsasında yeni uşaq bağçasının inşasına başlanmış və burada işlər başa çatmaq üzrədir.

Hesabat dövründə Əlibəyovlar küçəsi 46-dan 66 ünvanına kimi əraziyə, Litvin Babayev küçəsi 120 ünvanında həyətə, Gülbala Əliyev və Arif İsmayılov küçələrinin bir hissəsinə asfalt salınıb.

Ərazidə qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilərin aparılmasına son qoyulması, onlara rəvac verənlərin ifşa olunması məqsədi ilə RİH-nin hüquq-mühafızə orqanları ilə apardığı birgə qəti tədbirlər nəticəsində aparılan qanunsuz tikinti halları demək olar ki, tam şəkildə dayandırılmış, əraziyə nəzarət gücləndirilmiş, torpaq alveri və qanunsuz tikintilərə rəvac verənlərlə baglı sənədlər RİH tərəfindən Bakı Şəhər Prokurorluğuna göndərilib.

Hesabat və çıxışlardan sonra sakinlərin müraciətləri, istək və təklifləri dinlənilmişdir. Ərazinin gələcək inkişafı, yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, qanunsuz tikintələrə qarşı mübarizə, su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, ərazinin sanitar təmizliyi və 20-ci sahənin qaz təchizatında yaranmış problemlər barədə müraciətlər dinlənilmiş, sakinləri narahat edən suallar cavablandırılmış, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənib.

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək. Bidirilib ki, RİH tərəfindən rayonun yaşayış məntəqələrində məhəllələr abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcək.

Yığıncaqlarda mövcud problemlərdən danışılmış, sakinləri maraqlandıran suallar cavablandırılmış, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.