“Rusiyadan gözləntilərimiz çoxdur” ŞƏRH

18 Yanvar 2018 11:11 (UTC+04:00)

“Azərbaycanın Dağlıq Qarabağ ərazilərinin işğalı ilə bağlı aparılan danışıqlar 24 ildir ki, nəticəsiz davam etməkdədir.1994-cü ilin may ayının 12-də atəşkəs rejiminin tətbiq olunmasından sonra münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll olunması razılığı əldə olundu. Dekabr ayında Budapeştdə keçirilən zirvə toplantısında münqişənin həlli üçün açar olan “ATƏT üzvləri ölkələrinin çoxmillətli sülhməramlı qüvvələrinin konflikt ərazidə yerləşdirilməsi” barədə maddə sənəddə əksini tapdı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrindən sonra əldə olunan bu razılıq prosesin uğurlu davamı kimi dəyərləndirmək olar. 1996-cı ildə Lissabon sammitindən sonra 53 dövlətin dəstəklədiyi təkliflərin əsasında Minsk qrupu 1997-ci ildən paket və mərhələli həll proqramları ilə çıxış edərək və prinsipləri münaqişənin həllli üçün əsas prioritet olaraq qəbul olundu. Bu danışıqların intesivliyi münaqişənin bitməsi üçün müəyyən ümidlər verirdi”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, danışıqlar prosesinə təkan vermək üçün 1999-cu il aprelin 26-da ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentləri arasında artıq yeni formatda birbaşa danışıqlara başlandı və ATƏT-in Minsk qrupu tərəfindən danışıqların bu formatı bəyənildi: “Lakin 2000-ci ildən sonra danışıqlar intensiv olsa da dalana dirənmiş vəziyyətindədir. İlk növbədə Rusiyada siyasi hakimiyyətin dəyişməsi və Putinin dövlətin zirvəsinə qalxması diplomatik sahədə indiyə qədər əldə edilmiş üstünlüklərimizin zaman-zaman Ermənistanın xeyirinə dəyişdirilməsinə cəhd edildi. Lakin bütün təzyiqlərə baxmayaraq diplomatik uğurlarımız davam etməkdədir.

Münaqişənin həlli ilə məşğul olan bütün beynəlxalq təsisatlar Dağlıq Qarabağın işğaldan azad olunması prinsipindən kənara çıxmayıb. Lakin münaqişənin həlli mexanizmi təklif olunsa da 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin nail olduğu “sülhməramlı qüvvələrin yerləşdirilməsi “ planının həyata keçirilməsinə böyük əngəllər var. İlk növbədə icra mexanizminin həyata keçirilməsində əngəl ölkə Rusiyadır. Rusiya tərəfi konflikt bölgədə yalnız özünə məxsusu silahlı qüvvələrin yerləşdirilməsini təklif edir. Həmçinin Rusiyanın təkliflərində milli maraqlarımıza və torpaq bütünlüyümüzə təhlükə törədən amillər çoxdur. Bununla yanaşı Rusiya 2-ci və ya 3-cü dövlətlərin iştirakına icazə verməyəcəyini inadla ortaya qoyur. ATƏT-in Minsk qrupu ölkələrinin səylərinə baxmayaraq İran və Rusiya status kvonun saxlanmasında maraqlıdırlar.

Bu gün Polşada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə hər hansı əhəmiyyətli siyasi qərarların veriləcəyini güman etmirəm. Bütün siyasi texnoloqların haqlı olaraq qeyd etdiyi kimi 2018-ci il danışıqlar prosesində taym-aut ili olacağı gözlənlir. İndiyə qədər Qarabağ münaqişəsinin həlli üçün mümkün olunan bütün siyasi qərarlar və təkliflər qəbul olunub. Bu qərarlarla hətta münaqişə dövlətlərinin razılğı da alınıb. Lakin yuxarıda qeyd etdiyim kimi icra mexanizminin tətbiqi həyata keçirilmir. Buna da əngəl olan tərəf Vladimir Putindir. Gələcəkdə qurula bilən demokratik Rusiyadan gözləntilərimiz çoxdur”.