İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ildə müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 635,6 milyon manat olan 1950-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 146 milyon manat güzəştli kredit verilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu kreditlərdən istifadə etməklə investisiya layıhələrinin reallaşdırılması 6600-dək yeni iş yerinin açılmasına imkan yaradır.
Verilmiş kreditlərin 65%-i respublikanın regionlarının, 35%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6%-i aqrar sektorun, 32,4%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.
Qeyd edək ki, son illər SKMF tərəfindən maliyyələşdirilən 61 istehsal, emal və infrastruktur müəssisəsi 2017-ci ildə fəaliyyətə başlayıb. 2018-ci ildə 40-a yaxın bu cür müəssisənin açılması gözlənilir. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi 2018-ci ildə davam etdiriləcək. Bu məqsəd üçün qaytarılan vəsaitlər hesabına 170 milyon manat kredit resursu təmin olunacaq.