“Qəbələ” "Sürix"ə məğlub olub

17 Yanvar 2018 23:19 (UTC+04:00)

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” İsveçrənin “Sürix” klubu ilə qarşılaşıblar. “Kaya Belek” otelinin meydançasında baş tutan matç rəqibin qələbəsi ilə başa çatıb. "Sürix" 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə top 57-ci dəqiqədə vurulub.

Bu, təmsilçimizin toplanışda 2-ci oyunu olub. "Qəbələ" bu matçla hazırlığın I mərhələsini başa vurub və 3 günlük istirahətə buraxılıb. Roman Qriqorçukun yetirmələri "Sürix"lə oyunadək qonşu ölkədəki ilk matçında yerli “Akhisar Bələdiyyəspor”la üz-üzə gəlmişdi. Həmin görüşdə bərabərlik qeydə alınmışdı – 1:1.

Qeyd edək ki, komanda yanvarın 21-də yenidən bir araya gələcək.