Rumıniyada qoyunlar ABŞ-ın hərbi bazasına "hücum edib"

17 Yanvar 2018 21:03 (UTC+04:00)

Rumıniyada qoyunlar ABŞ-ın “Aegis Ashore” raket əleyhinə strateji komplekslərinin fəaliyyətinə maneə yaradıblar. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb. Heyvanların komplekslərin yerləşdiyi Deveselu bazasının beton hasarlarına yaxınlaşması nəticəsində həyəcan siqnalları işə düşüb.

Məsələnin həll edilməsi üçün Amerika bazasının komandanı Rumıniya Müdafiə Nazirliyinə müraciət edib. Baza rəhbərliyi qoyunlar sayəsində minimal təhlükəsizlik tələblərinə və qurğuların fəaliyyətinə maneə yarandığını bildirib. Bunun həll edilməyəcəyi təqdirdə Rumıniyanın beynəlxalq razılaşma çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi haqda rəy yaranacağı qeyd edilib.

Qoyunların sahibi Dumitru Blejan isə Amerika bazasından 18 min avro dəyərində kompensasiya tələb edib. Bleja öz qoyunlarını yalnız bu kompensasiya nəticəsində nəzərdə tutulan ərazidən uzaqlaşdıra biləcəyini açıqlayıb.

Qeyd edək ki, Deveselu bazası 2016-cı ilin mayında açılıb. Onun tikintisinə ABŞ 800 milyon dollar xərcləyib.