Nazir müavini Mərakeşin səfiri ilə görüşüb FOTO

17 Yanvar 2018 18:53 (UTC+04:00)

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Mohamed Adil Embarş arasında görüş keçirilib. SİA-nın məlumnatına görə, görüş zamanı Azərbaycan ilə Mərakeş arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib və müvafiq hüquqi bazanın mövcudluğu iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə şərait yaradan faktor kimi qiymətləndirilib.

Nazim Səmədov son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı bir sıra böyük islahatların həyata keçirildiyini və görülən işlərin sayəsində digər sahələrlə yanaşı, Azərbaycanda turizmin də sürətlə inkişaf etdiyini qonağın diqqətinə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndən söhbət açaraq, Nazim Səmədov, bu sənədi Azərbaycan ilə digər ölkələr arasında turizm sahəsində əməkdaşlığa töhfə verəcək təqdirəlayiq addım kimi qiymətləndirdi və tədricən Mərakeş Krallığı ilə turizm sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib.

Səfir son bir neçə ildə Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində ölkəsinin təmsil olunduğunu, bunun Azərbaycandan potensial turistlərin Mərakeşə cəlb olunması üçün çox effektiv vasitə olduğunu qeyd edib və Azərbaycan tərəfinin də Mərakeş Krallığında keçirilən beynəlxalq turizm yarmarkasında iştirak etməsinin, həmçinin ölkələrimiz arasında birbaşa reyslərin açılmasının da mühüm rol oynaya biləcəyini vurğulanıb. Bundan başqa, cari ilin aprel ayında keçirilməsi planlaşdırılan növbəti Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi çərçivəsində turizm şirkətləri nümayəndələri üçün seminarın təşkil edilə biləcəyini bildirib.

Bundan əlavə, Nazim Səmədov Səfir Mohamed Adil Embarşa Azərbaycan Turizm və Menecment Universiteti barədə məlumat verərək, artıq bir sıra ölkələrin turizm təhsili üzrə aparıcı təsisatları ilə müqavilələrin imzalandığını və həmin sənədlərə əsasən uğurla tələbə mübadiləsinin həyata keçirildiyini bildirib və əməkdaşlıq yaradılması məqsədilə Mərakeş Krallığının bu sahə üzrə tanınmış qurumları ilə maraqlanıb. Səfir cavab olaraq Mərakeşin Tanjer şəhərində yerləşən Ali Ümumdünya Turizm İnstitutunu diqqətə çatdıraraq, orada təhsilin ərəb və fransız dillərində aparıldığını və Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlığın yaradılması təklifinin diqqətə layiq olduğunu bildirib.

Sonda Səfir səmimi qəbula görə minnətdarlığını bildirib.