“Azadlıq aşiqləri günü - 20 yanvar”

17 Yanvar 2018 18:28 (UTC+04:00)

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunub. SİA-nın məlumatına görə, müsabiqənin yekun sərgisi 18 yanvar 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.

15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqədə məqsəd azadlıq mübarizəsinin parlaq səhifələrindən olan 1990-cı il 20 yanvar hadisələrini, xalqımızın nümayiş etdirdiyi vətən, torpaq, bayraq və azadlıq eşqini bir daha xatırlamaq, gələcək nəsillərə ötürməkdən ibarətdir.

Müsabiqəyə 300-ə yaxın uşaq, 400-dən çox əsəri ilə qatılıb. Yekun sərgidə 110 uşağın, 120-yə yaxın işinin nümayişi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan 20 yanvar faciəsinə həsr olunmuş Faiq Əhmədovun “1990-cı il” adlı rəngkarlıq əsərinin təqdimatının keçirlməsi nəzərdə tutulur.

Müsabiqədə Xətai, Lənkəran, Xırdalan, Abşeron, Balaxanı, Sumqayıt, Sabunçu,Qax, Pirallahı, Maştağa, Gəncə, Goranboy bölgələrin məktəbliləri, o cümlədən, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Maştağa Mədəniyyət Mərkəzi Rəsm kursu, Elif tədris mərkəzi, Əsra Tədris Mərkəzi, Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Goranboy şəhər Uşaq İncəsənət Məktəbi, NigArt studiya və başqa kollektivlər xüsusi fəallıq göstəriblər.