JuHİ Azərbaycan mediası ilə bağlı yekun hesabatını açıqlayıb

17 Yanvar 2018 17:40 (UTC+04:00)

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2017-ci ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb. JuHİ sədri Müşfiq Ələsgərli SİA-ya bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən ümumrespublika yayımlı 15 qəzet və 4 televiziya redaksiysının, 5 informasiya agentliyinin, 20 xəbər portalının, həmçinin 3 həftəlik qəzetin, 10 regional qəzet və TV-lərin əməkdaşları cəlb ediliblər (ümumilikdə 57 redaksiya əhatə olunub).

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2017-ci ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:

1. Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında:

- İşçilərlə fərdi əmək müqavilələrinin bağlanılması məsələsində dinamika qorunub saxlanılmışdır. Sorğuya cəlb edilənlərin 93 faizi (2016-ci ildə 92 faiz olub) çalışdıqları redaksiyalarda fərdi əmək müqavilələri bağlanıldığını bildiriblər. Amma bu sahədə irəliləyişlərlə yanaşı, müəyyən qüsurlar da qalmaqdadır:

a) Qüsurlar sırasında diqqət çəkən ilk məqam fərdi əmək müqavilələrinin müddətli bağlanılmasıdır. Azərbaycan Əmək Məcəlləsinin 45-47 maddələri daimi fəaliyyət göstərən iş yerlərində əmək müqaviləsinin müddətli bağlanmasını istisna etsə də, KİV redaksiyalarında jurnalistlərlə əmək müqavilələrini müddətli bağlamağa üstünlük verirlər ki, bu da, işəgötürənin xeyrinə olaraq, həmin müqaviləyə istənilən vaxt xitam vermək üçün şərait yaradır.

b) Fərdi əmək müqavilələrinin redaksiyalarda bütün əməkdaşlara şamil edilməməsi də problemlərdən biridir. Bəzi redaksiyalarda əməkdaşların müəyyən qismi ilə fərdi əmək müqavilələri bağlanılsa da, eyni redaksiyada təqribən 45 faizə qədər əməkdaş əmək münasibətləri rəsmiləşdirilmədən, şifahi sövdələşmə ilə çalışdırılırlar.

c) Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğu problemi də aktual olaraq qalır. Bəzi redaksiyalarda əmək müqavilələri əmək haqqı və digər məsələlərlə bağlı reallığı tam əks etdirmir. Bu isə KİV işçilərinin gələcəkdə pensiya təminatına neqativ təsir göstərəcək amillərdən biridir.

d) Tibbi sığortanın tətbiq edilməsi məsələsində irəliləyiş və ya geriləmə yoxdur. Tibbi suğortanın tətbiq edilməsi vəziyyəti minimum həddə- 5 faizdən aşağıdır.

2. Jurnalistlərin aylıq gəlirlərinin infilyasiyaya uyğunlaşdırılması yönündə addımlar atılıb:

a) Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri redaksiyaların durumuna görə dəyişsə də, minimal və maksimal məbləğləri müəyyənləşdirmək mümkün olub. Bu kateqoriya üzrə rəyi soruşulanların bir qismi 350-450 manat (sorğu iştirakçılarının 6 faizi), 550-600 manat (sorğu iştirakçılarının 56 faizi), 700-900 manat (sorğu iştirakçılarının 30 faizi), 1000-1100 manat (sorğu iştirakçılarının 8 faiz) civarında aylıq gəlir əldə etdiklərini bildiriblər.

b) Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin aylıq gəlirləri 250-400 manat aralığında dəyişir.

c) Regional KİV-lərdə əmək haqqı:

- Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 160-400 manat aralığında dəyişir. Rəyi soruşulanlar 160-200 manat (sorğu iştirakçılarının 48 faizi), 200-250 manat (sorğu iştirakçılarının 37 faizi), 300-400 manat (sorğu iştirakçılarının 15 faizi) civarında əmək haqqı aldıqlarını bildiriblər.

- Regional televiziyalarda çalışan jurnalistlərin aylıq gəlirləri 250- 400 manat aralığında dəyişir.

d) Əmək haqqı və ya aylıq gəlir məsələsində diqqət çəkən əsas məqamlar:

- Bəzi KİV redaksiyalarında əmək haqqının infilyasiya tempinə uyğunlaşdırılması;

- Onlayn media resurslarında əmək haqqının artım tempinin digərlərinə nisbətdə daha yüksək olmasıdır (orta aylıq əmək haqqı kateqoriyasında ən yüksək göstərici məhz onlayn media resurslarında qeydə alınıb).

Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2017 –ci ildə əmək qabiliyyətli əhali üçün müəyyən edilmiş yaşayış minimumu 164,5 manat olub.

3. Sorğu iştirakçıları 2017-cı ildə jurnalistlərin durumlarına müsbət təsir edən amillər, həmçinin, diqqət çəkən proseslər barədə də fikirlərini bildiriblər:

- Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq KİV işçiləri üçün inşa edilmiş 255 mənzillik binanın tikintisi tamamlanmış və mənzillər ödənişsiz olaraq jurnalistlərə paylanılıb.

- Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başda olmaqla dövlət və hökumət təmsilçiləri Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilən tədbirlərə, həmçinin, media ilə bağlı digər formatlı toplantılara qatılaraq, jurnalistlərlə hakimiyyət təmsilçiləri arasında canlı təmasın inkişafına, dioloq mühitinin yaranmasına şərait yaradıblar.

- Azərbaycan Mətbuat Şurasının təşəbbüsüylə Milli Məclis rəhbərliyinin media təmsilçiləriylə geniş tərkibli görüşü keçirilmiş, sərbəst dioloq mühiti yaradılıb.

- KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqələri vasitəsilə 2017-cı ildə 374 nəfər jurnalist qalib olaraq mükafatlandırılmış, əlavə maddi gəlir əldə ediblər.

- Qəzet kağızının idxalı kömrük rüsumundan azad edilib. Bu da çap media qurumlarının maddi durumuna müsbət təsirini göstərib.

- “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara əlavə və dəyişikliklər edilmiş, onlayn informasiya resurslarının fəaliyyətinin tənzimlənməsinə imkan yaradılıb.

- Bir sıra jurnalistlərə, o cümlədən, BDU-nin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmliyə və Turan İA-nın direktoru Mehman Əliyevə qarşı başladılan istintaq hərəkətlərinə xitam verilib.

4. Sorğu iştirakçıları 2017-ci ildə onları qayğılandıran problemlərlə bağlı fikirlərini də açıqlayıblar:

- Jurnalistik fəaliyytlə bağlı olmasa da, xəbər istehsalı sahəsində fəaliyyət göstərən bir neçə şəxsin, o cümlədən, Kanal 13 İnternet Televiziyasının rəhbəri Əziz Orucovun, blogger Mehman Hüseynovun, Əfqan Muxtarlının həbs edilmələri birmənalı qarşılanmayıb.