Nəsimi rayonunda ilin yekunları müzakirə edilib

17 Yanvar 2018 15:37 (UTC+04:00)

Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilib. Nəsimi RİH-dən SİA-ya verilən məlumata görə, ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən və 2017-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon icra hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Zeynalov bildirib ki, 86 minə yaxın sakinin yaşadığı və 4,27 kvadrat kilometr ərazini əhatə edən 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2017-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və tapşırıqlarına əsasən həyata keçirib. 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışıb.

Ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtında daşınması daimi nəzarətdə saxlanılan, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülüb, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülüb, nəticələri barədə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilib. Mənzil Kommunal İstismar Sahələri tərəfindən yaşayış binalarında təmirə ehtiyacı olan dam örtükləri, su axıdıcı borular, keçid meydançaları və pilləkən qəfəsləri cari təmir olunub.

Nümayəndəlik hesabat dövrü ərzində rayon İcra Hakimiyyəti və Mərkəzi Hərbi Klinik Hospitalının rəhbərliyi ilə birlikdə müalicə olunan hərbi qulluqçuların Novruz bayramı və “Silahlı qüvvələr günü” münasibəti ilə təbrik edilməsi üçün bayram şənliklərinin təşkil edilməsi, habelə yaşlı nəslin nümayəndələrinin Pirşagı qəsəbəsində istirahəti və digər rayon tədbirlərinə sakinlərin cəlb edilməsində yaxından iştirak etdib.

Hesabat dövrü ərzində nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yenidənqurma işləri aparılıb.

Hesabat yığıncağında çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq, quruculuq sakinlərin həyat şəraitinin daha da yüksəldilməsi üçün görülməli olan işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışıb. O bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi kurs 2017-ci ildə də böyük nailiyyətlərlə əlamətdar olub, ölkəmizdə daxili və xarici siyasətdə bir sıra mühüm uğurlara imza atılıb: “2017-ci ildə Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam edib, Prezident İlham Əliyevin balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiyası sayəsində ölkənin dinamik inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, habelə, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli dövlətçilik maraqları təmin edilib”.A.Əsgərov 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib O qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcək: “RİH tərəfindən görülən işlərdən əlavə digər məhəllələr də abadlaşdırılacaq, yolların təmiri, küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcək”.

Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov 10 yanvar 2018–ci il tarixdə Nazirlər Kabinetinin 2017–ci ilin sosial iqtisadi inkişafının yekunlarına həsr olunan yığıncağında ölkə başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı görüləcək işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Asif Əsgərov bildirib ki, Bakı şəhərinin rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 85 nömrəli, 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi işinə ötən il start verilib, o cümlədən 2 nömrəli nümayəndəliyin xidməti ərazisində də pilot tipli layihələr həyata keçirilib.

Yığıncaqda rayon sakinlərindən Filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, 268 saylı xüsusi məktəbin direktoru Seyfəddin Mustafayev, “Fədək” MTK-nin sədri Yavər Qurbanov çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin xalqın rifahının yüksəldilməsinə yönəldiyini qeyd edərək, görülən işlərə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.