CQBKG üzrə işlər 100 faizi yerinə yetirilib

17 Yanvar 2018 14:35 (UTC+04:00)

“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98,8 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin isə 100 faizi yerinə yetirilib. Bu barədə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) məlumat verilib.

“Bundan başqa, Trans-Anadolu (TANAP) qaz boru kəmərinin inşası üzrə işlərin 89,6 faizi, “Trans-Adriatik” (TAP) kəmərinin tikintisinə dair işlərin isə 62,6 faizi icra edilib”, - deyə CQD-dən bildirilib.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi”nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il tarixli 25 fevral Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının cari ildə Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.