Qoruq İdarəsi müsabiqə elan edib

17 Yanvar 2018 13:05 (UTC+04:00)

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ədəbiyyat müsabiqəsi elan edib. Qoruq İdarəsindən SİA-ya bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd istedadlı yazarların üzə çıxarılması ilə yanaşı, həm də paytaxt həyatını əks etdirən parlaq epizod və maraqlı hekayələrdən ibarət toplu hazırlamaqdır. Xəzər sahilində yerləşən doğma şəhərimiz isə hər küçəsi, hər dalanı maraqlı hadisə, sirr və həyat hekayəsi ilə doludur...

Müəlliflər üçün janr seçimi və hadisələrin təsvir olunacağı tarixi dövr sərbəstdir. Müsabiqəyə təqdim edilən əsərdə Bakı şəhərinin tarixi yerləri də təsvir edilə bilər, yaxud əksinə, mətndə şəhərin ayrı-ayrı guşələri təsvir olunan hadisələrin fonu kimi də təqdim oluna, təxəyyül məhsulu ilə gerçək hadisələr qovuşa da bilər. Hadisələrin İçərişəhərin dolanbac küçələrində və yaxud şəhərdən uzaq bir qəsəbədə də baş verməsi mümkündür, qəhrəmanlar şəhər sakinləri də, başqaları da ola bilər. Həmçinin hekayə uydurma da ola bilər, özünüzün və ya başqalarının şahidi olduğu gerçək hadisə də. Ailə əhvalatını danışmaq, yaxud bioqrafik bədii nəsr yazılması da müəllifin seçimidir.

Azərbaycan, ingilis və rus dillərində qəbul olunan mətnlərin həcm boşluqlarla birgə 42 min işarədən -10 çap səhifəsi və ümumən 2500 sözdən artıq olmamalıdır.

Münsiflər heyəti kitabda dərc etmək üçün 20 finalçı seçəcək.

Tanınmış münsiflər heyətinin qiymətləndirilməsinə əsasən müsabiqənin I, II, III yerin sahibləri müvafiq olaraq 3000, 1500, 1500 manat məbləğində mükafat alacaqlar.

Müsabiqə qaliblərinin əsərləri Bakı haqqında almanaxda dərc olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər hekayələrini aprelin 20-dək bu ünvana contest@icherisheher.gov.az göndərə bilərlər.