Boks Assosiasiyasının yeni prezidentinin seçiləcəyi tarix açıqlanıb

14 Yanvar 2018 17:30 (UTC+04:00)

Beynəlxalq Boks Assosiasiyasının (AIBA) yeni prezidenti təşkilatın bu il noyabrda Moskvada keçiriləcək konqresində seçiləcək.

Bunu açıqlamasında Rusiya Boks Federasiyasının baş katibi Umar Kryemlyev bildirib.

Qeyd edək ki, keçən il noyabrın 20-də AIBA prezidenti Çinq-Kuo Vu postunu tərk edib. Bundan əvvəl, iyulun 13-də isə AIBA İcraiyyə Komitəsi Çinq-Kuo Vuya etimadsızlıq göstərib. Buna səbəb təşkilatda maliyyə problemləri olub. AIBA prezidentinə postunu könüllü tərk etmək təklif edilib, ancaq o, bundan imtina edib. Oktyabrın 10-da AIBA İntizam komissiyası Çinq-Kuo Vunu postundan uzaqlaşdırıb. Hazırda AIBA prezidentinin səlahiyyətlərini təşkilatın vitse-prezidenti Franko Falçinelli icra edir.