Zaqatalada təhsili diqqət mərkəzindədir

12 Yanvar 2018 20:39 (UTC+04:00)

Respublikamızıın sürətli inkişafı, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də özünü göstərir. Bu gün paytaxt Bakı şəhəri ilə yanaşı, ölkəmizin ən ucqar rayonlarında belə, müasir tələblərə cavab verən məktəb binaları inşa olunur. Şagirdlərin keyfiyyətli tədris almaları üçün, təhsil müəssisələrimiz dərslik və müasir avadanlıqlarla tam təmin olunmuşdur.

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin oktyabrında regionların sosial-iqtisadi inkişafına dair keçirdiyi müşavirədə demişdir ki, 2017-18 illərdə qəzalı vəziyyətdə olan məktəblər modul tipli məktəblərlə əvəz olunmalıdır. Artıq bu sahədə xeyli işlər görülüb. Bundan əlavə sözügedən məktəblər müasir avadanlıqlarla da təchiz olunmuşdur. Nəzərə alsaq ki, 2017-18 tədris ili təhsildə keyfiyyət ili elan olunub, demək ki, cari tədris ilində, bu sahədə işləyən hər kəsin üzərinə çox böyük məsuliyyət düşür.

Azərbaycanın dilbər guşəsi olan Zaqatala rayonu Respublikamızıın sərhədyani rayonlarındandır. Bu rayona daxil olarkən, yol boyu qarşıya çıxan təhsil müəssisələri də müasir standartlara cavab verəcək səviyyədədir. Zaqatala Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, ötən tədris ili rayon təhsili üçün çox uğurlu il olmuşdur. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə rayon təhsilini həmişə diqqət mərkəzində saxlamış və xüsusi qayğı göstərir.

Yengiyan kəndi Zaqatala rayon mərkəzindən uzaqda yerləşən, yaşıllığı ilə seçilən yaşayış məntəqələrindəndir. Burada da təhsilə Dövlət qayğısı hər addımda hiss olunur. Belə ki, 264 şagird yerlik Yengiyan tam orta məktəbi, Respublikamızdakı müasir tələblərə cavab verən tədris müəssisələrindəndir. Məktəbin direktoru Zahidə Aslanova ilə söhbətimiz zamanı, məktəbin fəxri sayılan bir şagirdi haqqında söhbətimiz diqqətimizi daha çox çəkdi. Hazırda Bakı Dövlət Univeritetində, ingilis dilində, iqtisadi təhsil alan Məmmədov Süleyman Əzəl oğlu Yengiyan məktəbinin fəxri sayılır. Sülüyman 2015-16 tədris ilində 634 bal toplayaraq BDU-ə qəbul olub. Zahidə xanım deyir ki, bu il də qəbul imtahanları zamanı şagirdlərindən gözləntiləri çoxdur.

Yengiyan tam orta məktəbi bir neçə illər öncə istifadəyə verilməsinə baxmayaraq, tədris müəssisəsi göz bəbəyi kimi qorunur. Əlbəttə burada məktəb rəhbərliyi ilə yanaşı, pedaqoji kollektivin apardığı işlər də, təqdirəlayiqdir.

Əlmaniz Ələkbərli, SİA-nın Şimal-Qərb bürosunun rəhbəri, AJB və AYB-nin üzvü