“Yeni müəssisələrin yaranması davamlı xarakter daşıyacaq” MÜNASİBƏT

13 Yanvar 2018 11:00 (UTC+04:00)

“Ölkə iqtisadiyyatının neftdən asıllığının aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət iqtisadi siyasətimizin əsasını təşkil edib. Ölkədə sahibkarlığın inkişafına dəstək və yeni sahibkarlıq subyektlərinin yaranmasında dövlətimizin yaxından iştirakının göstəricisidir ki, 2017-ci il iqtisadiyyatımızın qeyri-neft sektorunda 2,5 faiz artım müşahidə olunub". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının diversifikasiyası, yəni müəssisələrin yaranması və aqrar sektorun davamlı inkişafı belə pozitiv göstəricilərə nail olmağımıza imkan verib: "2018-ci ildə də yeni müəssisələrin yaranmasına dövlət dəstəyi olacaq və davamlı xarakter daşıyacaq. Qeyri-neft sektorunun davamlı inkişafı rəqabətqabiliyyətli mallar istehsal edilməklə yeni iş yerlərinin yaradılması deməkdir. Məhz bunun nəticəsidir ki, 2017-ci ildə 177 min daimi olmaqla 221 min yeni iş yerləri yaradılıb, ölkədə işsizlik 5 faiz səviyyəsində qalmaqdadır. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ildə də yeni iş yerlərinin yaradılmasının prioritet olduğunu və işsizlik probleminin dövlətin nəzarətində saxladığını xüsusi qeyd etdi. Bu, bir daha onu göstərir ki, ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması ölkə başçısı üçün birinci yerdə dayanır. Düşünürəm ki, 2018-ci il hər birimizin həyatında maddi rifahın yaxşılaşması ili olacaq”.