"2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaq" AÇIQLAMA

13 Yanvar 2018 11:20 (UTC+04:00)

"Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında verilən məlumatlar göstərdi ki, 2017-ci ildə qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Azərbaycanda sabitlik, təhlükəsizlik hökm sürdüyünü deyən komitə sədri bildirib ki, sabitlik olmadan inkişafdan söhbət gedə bilməz.

Ötən il Azərbaycan iqtisadiyyatında müşahidə olunan artımlardan söz açan E. İbrahimov qeyd edib ki, 2017-ci ildə qeyri-neft sektorunda 2,5 faiz artım olub.

Onun sözlərinə görə, sənaye sahəsində qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb: "Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk. Qeyd etməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumu da ərzaq təhlükəsizliyi ilə bağlı hesablama aparıb. Ərzaq təhlükəsizliyi indeksinə görə Azərbaycan 57-ci yerdədir. Bu, yaxşı göstəricidir. Ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək ki, biz keçən il olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcmi artsın".

2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icra olunduğunu xüsusi vurğulayan E. İbrahimov hazırda bu proqramların üçüncü mərhələsinin həyata keçirildiyini dilə gətirib: "Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, icra olunur. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında kənd təsərrüfatının inkişafı məsələsini xüsusi vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, 2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaq. Hökumət cari ildə də kənd təsərrüatının inkişafı istiqamətində zəruri addımlar atacaq. Bilirsiniz ki, ötən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib və bir neçə dövlət proqramı qəbul edilib. Dövlət başçısının qeyd etdiyi kimi bu sahələrdə çox böyük inkişaf var. Bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır. 2017-ci ildə 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıb. Göründyü kimi, pambıqçılıq çox böyük sürətlə inkişaf edir və bu istiqamətdə nəticələr daha da artacaq. Bütövlükdə, iclasda cənab Prezident kənd təsərrüfatının inkişafı ilə əlaqədar qarşıda duran vəzifələr haqqında fikirlərini bildirdi, tövsiyə və tapşırıqlarını verdi. Hesab edirəm ki, bu vəzifələrin yerinə yetirilməsi nəticəsində kənd təsərüfatında daha yüksək nəticələr əldə olunacaq".