“Nar bağı” beynəlxalq festivalda

13 Yanvar 2018 13:28 (UTC+04:00)

“Nar bağı” bədii filmi Bolqarıstanda keçirilən 10-cu Sofia MENAR Film Festivalında nümayiş olunacaq. SİA-nın xəbərinə görə, filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Ekran əsəri maraqlı bir ailə dramı üzərində qurulub. Qabil 12 il əvvəl heç kimlə sağollaşmadan tərk etdiyi evinə qayıdır. Lakin onun geridə buraxdığı dərin emosional yara hamının xatirindədir və asanlıqla unudula bilməz.

Psixoloji dram janrında çəkilən filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

Ceyran Əsgərova