Ötən il ərzində 203,1 milyon manat məbləğində 3109 ipoteka krediti verilib

12 Yanvar 2018 15:54 (UTC+04:00)

2017-ci ildə rekord sayda və ən yüksək həcmdə ipoteka kreditləri verilib. Ötən il ərzində müvəkkil banklara ümumi məbləği 859,7 milyon manat təşkil edən 12702 sayda müraciət daxil olub, 203,1 milyon manat məbləğində 3109 ipoteka krediti verilib.

SİA-nın məlumatına görə, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətindən bildiriblər ki, ötən il ərzində verilmiş kreditlərin 1076 ədədi (70,6 milyon manat) güzəştli ipoteka kreditlərinin payına düşüb. 2017-ci il ərzində verilmiş ipoteka kreditlərinin 2860 ədədi (184,2 milyon manat) "Azərbaycan İpoteka Fondu" ASC (Cəmiyyət) tərəfindən maliyyələşdirilib.

Ümumilikdə, 2006-2017-cı illərdə cəmiyyətin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 milyon manata, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 21300-ə yaxın olub. Bu kreditlərin 278,7 milyon manatdan çox hissəsini (6238 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edir.

İpoteka kreditlərindən faydalananların 70,3 faizi gənclər və gənc ailələrdir, 24,1 faizi isə regionlarda verilib.